"Qadınlar üçün qeybət bəzən sağ qalmaq strategiyasının bir hissəsinə çevrilir..."
Qeybət bir çoxları üçün qınanmalı və utanılası bir vərdişdir. Amma istər metroda, istər çay süfrəsi arxasında, istərsə də iş yerində arxada danışmaq, maraqlı məlumatları paylaşmaq demək olar ki, hər bir insana xasdır.
Moderator.az xəbər verir ki, bu barədə "bbc.com" nəşri yazıb.
Nəşr bu fenomeni araşdıraraq cavabı antropologiyanın, psixologiyanın və bioloji təkamülün dərin qatlarında axtarıb.
Qeybət sadəcə dedi-qodu deyil
Vaşinqton Universitetindən antropoloq Nikoll Hagen-Hess deyir ki, qeybət dedikdə yalnız arxada danışmaq və ya kiminsə ünvanına mənfi fikir bildirmək nəzərdə tutulmur. Onun fikrincə, qeybət hər hansı bir insanın və ya markanın nüfuzu ilə bağlı istənilən məlumat mübadiləsidir.
Hətta kiməsə üzünə dediyiniz bir fikir, məsələn, "bu paltarda o qədər də yaxşı görünmürsən" belə qeybət sayılır. Onun daha geniş tərifinə görə, xəbərlər, yarış nəticələri, sosial media rəyləri - bütün bunlar da nüfuza təsir etdiyi üçün qeybətin bir növüdür. Yəni qeybət yalnız qeybət olunanın arxasında deyil, bəzən düz gözünün içinə baxaraq da baş verə bilər.
"Alloqruminq"in insan variantı
Qeybət cəmiyyətlərdə təkcə dağıdıcı deyil, bəzən birləşdirici rol da oynayır. Bu ideyanı ilk dəfə professor Robin Danbar irəli sürüb. O, meymunların bir-birinin tükünü təmizləyərək (alloqruminq) sosial bağ qurduğunu xatırladır. İnsanlarda isə tüklü bədən olmadığından, onların "qruminq"i, yəni sosial yaxınlaşma forması söhbət və xüsusən də qeybətə çevrilib.
Bu funksional paralellik həm stresin azalması, həm sosial iyerarxiyanın təyini, həm də kimin etibarlı, kimin isə təhlükəli olduğunu müəyyənləşdirmək üçün vacibdir. Danbar hesab edir ki, dilin özü belə məhz qeybət üçün yaranıb.
Dartmut Universitetinin apardığı bir araşdırma da göstərir ki, qeybət edən insanlar bu söhbətlər nəticəsində özlərini bir-birinə daha yaxın hiss edir. Onlar ortaq bir reallıq yaradaraq sosial bağlarını gücləndirir. Maraqlıdır ki, belə söhbətlər zamanı konkret mövqelər dəyişmir, amma emosional yaxınlıq artır.
Qrupdaxili qeybətlər komanda ruhunu da gücləndirir. Eksperimentlərdə iştirakçılara seçim verilib: qeybətləşə biləcəkləri halda, birgə oyunlarda daha çox pul xərcləməyə hazır olublar. Tədqiqatçılar deyir: "Qeybət məqsədsiz boşboğazlıq deyil. Bu, çoxfunksiyalı və mürəkkəb bir sosial alətdir".
Qeybətin sağ qalmaqla əlaqəsi
Nikoll Hagen-Hess deyir ki, qadınlar üçün qeybət bəzən sağ qalmaq strategiyasının bir hissəsinə çevrilir. Məsələn, tanımadığı kişilərlə görüşlərdə yaşana biləcək təhlükələr barədə yaxın rəfiqələrə danışmaq potensial risklərdən qorunmaq yoludur.
Qeybət həm də sosial nəzarət vasitəsidir. İnsanlar başqalarının gözündə necə görünmək istədiklərini tənzimləməyə çalışır, öz imiclərini qorumağa, bəzən də rəqiblərini gözdən salmağa yönəlirlər. Pis nüfuz isə cəmiyyətdə statusun itirilməsi, maddi resurslara çıxışın məhdudlaşdırılması, hətta yemək və su kimi baza ehtiyacların təhlükəyə düşməsi demək ola bilər.
Hess bunu belə izah edir: "İnsanlar həmişə bir-biri ilə rəqabətdədir. Bu səbəbdən də münaqişələrdən və qeybətdən tamamilə qurtulmaq mümkün deyil".
Qeybət əyləncə və mədəni sərhədlərin dağıdılmasıdır
"Normal Gossip" adlı məşhur podkastın yaradıcısı Kelsi Makkinni deyir ki, pandemiya dövründə insanlar qeybətə daha çox ac olub. O, dini ailədə böyüdüyü üçün illərlə qeybətin "günah" olduğunu düşünüb, amma zamanla anladığı şey bu olub: qeybət, sadəcə, əyləncə deyil, həm də paylaşmaq, yaxınlaşmaq və sevilmək vasitəsidir. "Ən gözəl geybət ağlınıza gələn bir fikri dərhal kiməsə söyləməkdir", - o, deyir.Və gülümsəyərək əlavə edir: "Onsuz yaşamaq? Tanrım! Həyat nə qədər cansıxıcı olar!"
Qeybət insan olmağın bir hissəsidir
İstər sosial bağlar, istər sağ qalmaq instinkti, istərsə də gündəlik əyləncə olsun, qeybət həyatımızın ayrılmaz parçasıdır. Bu fenomenin arxasında duran səbəblər çoxşaxəli və dərindir. Doktor Hagen-Hess bildirir: "Əgər geybət təsirsiz bir şey olsaydı, insanlar resursları necə paylaşacağını ona əsasən müəyyənləşdirməzdilər". Yəni bu "boş söhbətlər" əslində insan təbiətinin yaxınlaşmaq, qorunmaq və yaşamaq üçün ən qədim və ən güclü mexanizmlərindən biridir.