AZ

Joao Mario “Yuventus”a, Alberto Kosta “Portu”ya keçdi

Portuqaliyanın “Portu” klubunun sağ cinah müdafiəçisi Joao Mario Neto Lopes bundan sonra “Yuventus”un uğurları üçün çalışacaq.

Arena.az bu barədə Turin klubunun rəsmi saytına istinadən xəbər verir.

“Yuve” bu transferi 12,6 milyon avro müqabilində rəsmiləşdirib. Portuqaliyadan olan 25 yaşlı futbolçu ilə 5 illik (2030-cu ilin 30 iyununadək) müqavilə imzalanıb.

Joao Mario Neto Lopes futbola “Sanyonaense”də başlasa da, “Portu”nun yetirməsi hesab olunur. O, bir müddət “Padroense”də də icarədə olub. Müdafiəçi “Portu”nun əsas komandasında keçirdiyi 181 oyunda 5 qol vurub, 26 məhsuldar ötürmə müəllifi olub.

Jooa Portuqaliyanın U-18, U-19, U-20 və U-21 yığmalarında oynadıqdan sonra 2023-cü ildə əsas millidə debüt edib. O, Portuqaliya yığmasının heyətində meydana çıxdığı 3 oyunda məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

“Yuventus” digər portuqaliyalı futbolçusu, məhz sağ cinah oyunçusu olan Albeto Kostanı da “Portu”ya satıb. Klub 21 yaşlı futbolçunun satışından 15 milyon avro qazanc götürüb. Başqa sözlə desək, “Yuventus”la “Portu” sağ cinah müdafiəçilərini dəyişdiriblər. Gənc müdafiəçi Portuqaliya klubu ilə 5 illik müqavilə bağlayıb.

Alberto Kosta Gimaraynş “Vitoriya”sının yetirməsidir. O, “Yuventus”a bu ilin yanvarında 13,8 milyon avro müqabilində məhz “Vitoriya”dan keçmişdi. Portuqal futbolçu Turin təmsilçisinin əsas komandasında 14 oyun keçirib, 3 assistlə yadda qalıb.

Portuqaliyanın U-18 və U-20 yığmalarında oynamış Kostaya əsas millidə debüt hələ qismət olmayıb.

“Transfermarkt” internet-portalı 21 yaşlı müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
91
arena.az

1Mənbələr