AZ

İli 5 min manata peşə təhsili olar? Universitetlərdən baha?


Cahid İmanlı: “Peşə məktəblərində ödənişlərin miqdarı həqiqətən Azərbaycan təhsil bazarı üçün fantastik dərəcədə yüksəkdir”

Hər bir ölkənin tərəqqisini şərtləndirən mühüm amillərdən biri milli təhsilin inkişafıdır. Ölkədə həyata keçirilən islahatlar, müasir infrastrukturun yaradılması nəticəsində təhsil sahəsində də yeni keyfiyyət dəyişiklikləri yüksək səviyyədə təmin olunub.

Qeyd edək ki, XXI əsrin çağırışları və yeni trendlərinə müvafiq olaraq təhsil sahəsində islahatlar çərçivəsində peşə təhsilinin müasirləşdirilməsi istiqamətində də məqsədyönlü tədbirlər həyata keçirilir. Peşə təhsilinə marağın artırılması istiqamətində müəyyən işlər görülür. Məlumata görə, bu ildən etibarən ödənişli təhsil haqlarında dəyişiklik edilib. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov media nümayəndələrinə açıqlamasında deyib ki, bəzi bölgələrdə təhsil haqları fərqlidir: “Peşə təhsilində bəzi ixtisaslar var ki, onların təhsil haqqı 5 min manatdır. Bunun baha olduğunu düşünə bilərlər, ancaq səbəbləri var. Bu, beynəlxalq sertifikatlar, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin ekspertlərin iştirakı və s. ilə bağlıdır”.

Peşə təhsilində təhsil haqqının artırılması, 5 min olması ictimaiyyət arasında narazılığa səbəb olub. Məlumdur ki, universitetlərdə belə bəzi ixtisaslarda təhsil haqqı heç 5 min manat deyil.

“Bütün peşə məktəblərinin maddi-texniki bazası birbaşa dövlət tərəfindən təmin edilməlidir və birmənalı olaraq peşə məktəblərinin ödənişləri azaldılmalıdır”

Təhsil eksperti Cahid İmanlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, peşə məktəblərində ödənişlərin miqdarı həqiqətən Azərbaycan təhsil bazarı üçün fantastik dərəcədə yüksəkdir: “Dizaynerlik üzrə müxtəlif istiqamətlərdə təhsil haqqı 5000 min manata qədər, avtomobillərin təmiri ilə əlaqəli ixtisaslarda 3000 manata qədər, qaz sayğacı texniki, aşpazlıq, bərbər, elektrik üzrə texnik kimi ixtisaslarda 2000-3000 manatdır. Qeyd edim ki, bölgə peşə təhsili müəssisələrində də təhsil haqları kifayət qədər yüksəkdir. Halbuki, kənd təsərrüfatı rayonları olan bu bölgələrdə bəzi ixtisaslar doğrudan da "hava və su kimi" lazımdır və ümumilikdə Azərbaycan iqtisadiyyatı üçün prioritet təşkil edir. Məsələn, bu ixtisasların içərisində "traktor təmiri" ixtisasının illik ödənişi 2830 manat təşkil edir. Bu da, yəni ödənişlərin çox olması da onsuz da "kasıb rayonların" ailələrinin övladları üçün əlçatan olmur. Halbuki, həm bölgələrdə işsizliyin aradan qaldırılmasında, həm əhalinin sosial müdafiəsi fonunda həm də ən əsas dövlətin aqrar təhlükəsizliyinin təmin edilməsində peşə təhsilinin əlçatanlığının təmin edilməsi ən əsas prioritet məsələlərdən biri olmalıdır. Maraqlıdır ki, illik təhsil haqlarının yüksək olduğu ixtisasların həm də dövlət sifarişlisi var, yəni bu ixtisasların bu qədər bahalı olmasına yeni rast gəlinir. O zaman haqlı bir sual yaranır - bu vaxta qədər peşə məktəblərinin maddi bazası həqiqətənmi var idi? Və ya dövlət sifarişi və ödənişli əsaslarla oxuyan tələbələrin təhsilində hansı təhsil keyfiyyət fərqi olacaq? Belə çıxır ki, təhsil haqqı ödəyən tələbənin öyrənmə mühiti, maddi-texniki-elmi şəraiti daha yüksək olacaq, dövlət sifarişi ilə oxuyan tələbənin təhsili isə formal xarakter daşıyacaq. Əslində bütün peşə məktəblərinin maddi-texniki bazası birbaşa dövlət tərəfindən təmin edilməlidir və birmənalı olaraq peşə məktəblərinin ödənişləri azaldılmalıdır”.

Günel CƏLİLOVA

Seçilən
66
baki-xeber.com

1Mənbələr