Bakı, 25 iyul, AZƏRTAC
Bakı Slavyan Universitetində (BSU) 2025-2026-cı tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsi üzrə “Yeni dövrün gəncliyi” adlı yeni daxili təqaüd proqramına başlanılır.
Bu barədə AZƏRTAC-a BSU-dan bildirilib. Qeyd olunub ki, BSU-nun rektoru Anar Nağıyev 2024-2025-ci tədris ili ərzində “Yeni dövrün Azərbaycanı” mövzusunda Bakı Suraxanı rayonunda, Abşeron rayonunda, Naxçıvan şəhərində, eləcə də Sədərək və Quba rayonlarında məktəblilərlə bir sıra regional görüşlər keçirib. Təqaüd həmin bölgələrdə yerləşən regional təhsil idarələrinin tabeliyində fəaliyyət göstərən orta ümumtəhsil məktəblərindən BSU-ya qəbul olan şagirdlərə şamil edilir. Seçim zamanı üstünlük həmin görüşlərdə iştirak etmiş şəxslərə veriləcək.
Daxili təqaüd proqramı 200 AZN olmaqla, 500-dən yuxarı bal toplayan tələbələr üçün nəzərdə tutulub.
AZƏRTAC—0—