2019-cu ildə Prezident İlham Əliyevlə ilk görüşüm zamanı o demişdi ki, Bakıda bir yəhudinin küçələrdə Parisdən daha təhlükəsiz şəkildə gəzə bilməsi ilə fəxr edir. O, o zaman da haqlı idi - xüsusilə bu gün də haqlıdır.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu diplomatik missiyasının başa çatması münasibətilə keçirilən brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik deyib.
"Azərbaycan öz tolerantlıq və multikulturalizm modeli ilə haqlı olaraq fəxr edir", - deyə diplomat brifinqdə bildirib.
O qeyd edib ki, son illərdə Azərbaycan nifrət və antisemitizmə qarşı mübarizə sahəsində konkret addımlar atıb:
"Ölkədə məktəb dərslikləri yenidən nəzərdən keçirilib, sovet dövrünün antisemitizmi dərsliklərdən çıxarılıb. "Impact-se" adlı qeyri-hökumət təşkilatı Azərbaycanı hətta Avropa ölkələri üçün nümunə kimi tanıyıb".
Corc Dik həmçinin Azərbaycanın yəhudi tarixinə göstərdiyi hörməti və ölkənin təhsil, eləcə də xatirələrin qorunması sahəsindəki səylərini vurğulayıb: "Azərbaycan Holokost qurbanlarının Beynəlxalq Anım Gününü dinlərarası və hökumətlərarası iştirakı ilə qeyd edir".
O, təhsil sahəsində əməkdaşlığın vacibliyini də xüsusi qeyd edib: "Azərbaycan tələbələrin İsraildə təhsil almasını təşviq edir, bunun üçün təqaüdlər təqdim edir və hərtərəfli dəstək göstərir".