Bu gün kənd təsərrüfatı naziri Məcnun Məmmədov Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin inzibati binasında Qəbələ, Şəki, Oğuz, Qax, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlarla görüşüb.
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin idarə və tabeli qurumlarının rəhbər şəxslərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işlə təminat, işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsinin ayrılması, heyvandarlıq təsərrüfatlarının işğaldan azad olunmuş ərazilərə köçürülməsi, subsidiyaların ödənişi, tütün məhsulunun tədarükü, suvarma suyu ilə təminat və digər məsələlərlə bağlı olub.
Nazir Məcnun Məmmədov hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerində həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb.
Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.