Yaddaş problemləri ilə mübarizə aparanlar üçün elm dünyasından maraqlı bir kəşf gəlib.
E-saglam.az xəbər verir ki, araşdırmalara görə, yumruğu cəmi 1,5 dəqiqə sıxmaq öyrənmə prosesini sürətləndirə və məlumatların daha qalıcı olmasına kömək edə bilər.
Unutqanlığa qarşı sadə üsul
Gündəlik həyatın stresli ritmində xüsusilə tələbələr və informasiya ilə sıx işləyən şəxslər yaddaş zəifliyindən şikayətlənirlər. Mütəxəssislər isə bu problemi yüngülləşdirmək üçün çox sadə, lakin effektiv bir üsul təklif edirlər: yumruq sıxma məşqi.
Elmi sübutlara əsaslanır
Araşdırmalara görə, yumruğun sıxılması beyindəki yaddaş mərkəzlərinə birbaşa təsir göstərir. Bu təsirin mexanizmi hələ tam dəqiqləşdirilməsə də, hər iki əlin fərqli beyin yarımkürələrini stimullaşdırdığı məlum olub.
Sağ əlin sıxılması — beynin sol yarımkürəsini aktivləşdirir.
Sol əlin sıxılması — beynin sağ yarımkürəsini işə salır.
Bu qarşılıqlı təsir həm öyrənmə, həm də xatırlama prosesini gücləndirə bilər.
Yaddaşa və emosiyalara təsiri var
Tədqiqatlar göstərir ki, yumruq sıxmaq yalnız koqnitiv deyil, emosional təsirlər də yaradır. Sağ əli sıxmaq müsbət emosiyaları gücləndirə, sol əli sıxmaq isə mənfi emosiyaları azalda bilər. Bu metod, həmçinin əhval-ruhiyyənin yaxşılaşmasına da töhfə verə bilər.
Necə tətbiq edilməlidir?
Yeni məlumat öyrənərkən – sağ yumruğu 1,5 dəqiqə sıxın. Bu, məlumatın beyində daha yaxşı emal olunmasına və yadda qalmasına kömək edir.
Əvvəllər öyrənilmiş məlumatı xatırlayarkən – sol yumruğu 1,5 dəqiqə sıxın. Bu, xatırlama prosesini stimullaşdırır.
Tərcümə: Könül Oruc
E-saglam.az