Yaxın günlərdə dünyanın diqqət mərkəzində yer alacaq hadisələrdən birinin yenə Fransa ilə bağlı olması gözlənilir. Ölkə hakimiyyətinin yarıtmaz siayəti nəticəsində Fransanın ciddi təlatümlərlə üzləşməsi proqnozlaşdırılır.
Məhz belə bir vaxtda Fransada hökumətin büdcə planına qarşı etirazlar getdikcə genişlənir. Fransua Bayrunun iyulun 15-də təqdim etdiyi büdcə islahatları sosial şəbəkə seqmentində geniş narazılıq yaradıb. Xüsusilə X platformasında sentyabrın 10-dan etibarən ölkədə tam və müddətsiz tətilə başlanılması ilə bağlı çağırışlar yayımlanır.
Bu təşəbbüsə solçu qruplar, eləcə də sağçı və ifrat sağçılar qoşulub. İyulun 19-dan "Mobilisation10septembre.blog" adlı veb-sayt istifadəyə verilib və bu sayt müxtəlif etiraz aksiyalarının əlaqələndirilməsi üçün mərkəzə çevrilib. Təşkilatçılar bunu “Sarı jiletlilər - Akt 2” adlandırır. Etirazların mərkəzində Bayrunun büdcə planında nəzərdə tutulan ictimai xərclərin 43,8 milyard avro azaldılması, xüsusilə də iki ictimai istirahət gününün - Pasxa bazar ertəsinin və 8 mayın ləğvi dayanır. Bu qərarlar, parlament tərəfindən hələ təsdiqlənməməsinə baxmayaraq, ölkəboyu ciddi narazılıq yaradıb. 61 min izləyicisi olan “Le Collectif” adlı hesabda edilən paylaşımda bildirilir: “Sistem yalnız bizim gündəlik iştirakımız sayəsində ayaqda qalır. Təşkil olunmuş ümumi tətil bu sistemi bir neçə günə çökdürə bilər”. Bütün bunlar 2018–2019-cu illərdəki “Sarı jiletlilər” hərəkatının yenidən canlanacağına dair ehtimalları artırır. Etirazların əsas təşkilatçılarından biri, “Enedis” təşkilatının 37 yaşlı əməkdaşı bu hərəkatın sıravi işçilərin hüquqlarının tapdalanmasına etiraz olduğunu bildirərək qeyd edib: “Bayrunun planı, hər zamankı kimi, sadə işçiləri cəzalandırır. Bunun hesabını həmişə sadə insanlar ödəyir. Artıq bu qədər bəsdir!”. Təşkilatçıların etirazların başlanması üçün sentyabrın 10-nu seçməsi isə təsadüfi deyil. Bu, məktəblərin açıldığı, işlərin və siyasətin yenidən canlandığı dövrü əhatə edir. Hazırda böyük həmkarlar ittifaqları bu çağırışa ehtiyatlı yanaşır, lakin ölkə miqyasında narazılığın ciddiliyini etiraf edirlər. CGT konfederasiyasının katibi Tomas Vaşeron bildirib: “Hökumət insanlardan istirahət günlərini alır. Bu, haqlı bir qəzəbdir və biz bunu aydın şəkildə hiss edirik”. Ümumiyyətlə, Fransada sosial gərginlik yenidən artır. Əgər 10 sentyabr etirazları geniş miqyas alarsa, bu, “Sarı jiletlilər” hərəkatının ikinci dalğası ola bilər. Belə bir vaxtda maraqlı məqamlardan biri də Fransa prezidenti Emmanuel Makron və daxili işlər naziri Bruno Retayo arasında gərginliyin artmasıdır. “Le Parisien” nəşri mənbələrə istinadən yazır ki, hökumətin son iclasında Makron açıq şəkildə Retayoya ölkənin cənubundakı kriminal vəziyyətlə bağlı sərt suallar verib. Buna səbəb isə nazirin “Valeurs Actuelles” nəşri üçün yazdığı məqalədə “Makronizmin Makronla bitəcəyini” bildirməsi və prezidenti siyasi ikiüzlükdə ittiham edən tənqidi açıqlamaları olub. Məqalədə Retayo prezidentin siyasi kursunu tənqid edərək bildirib ki, sağ və sol gündəmi birləşdirmək cəhdi ancaq hakimiyyətin iflic olmasına gətirib çıxarır.
Bütün bunlar fonunda ölkədə təhlükəsizlik sahəsində də ciddi problemlərin olduğu üzə çıxıb. İndi Fransada Emmanuel Makronun təhlükəsizlik sahəsində fəaliyyəti əhalinin böyük əksəriyyəti tərəfindən mənfi qiymətləndirilir. CSA İnstitutunun “CNEWS”, “Europe 1” televiziya kanalları və JDD qəzeti üçün keçirdiyi sorğuya əsasən, fransızların 81 faizi Makronun təhlükəsizlik siyasətini uğursuz hesab edir. Bu göstərici ötən il 76 faiz, 2022-ci ilin fevralında isə 62 faiz idi. Bu sorğu, narazılığın ildən-ilə artdığını göstərir.
Fransada, xüsusilə gənclər arasında zorakılığın artması və narkotik ticarətinin yayılması əhalidə daha çox narahatlıq doğurur. Son günlərdə Beziers, Nimes və Limoges şəhərlərində baş verən qarşıdurmalarda polis əməkdaşları hücuma məruz qalıblar. Bu fonda bəzi şəhərlərdə, eləcə də Triel-sür-Seine, Saint-Ouen, Beziers və Nimes şəhərlərində azyaşlılar üçün komendant saatı tətbiq edilib. Sorğunun nəticələri göstərir ki, qadınların 84 faizi, kişilərin isə 77 faizi Makronun təhlükəsizlik siyasətindən narazıdır. Bu da qadınların daha yüksək narahatlıq səviyyəsinə sahib olduğunu göstərir. Makronun təhlükəsizlik siyasətinə qarşı tənqid yaş qrupları arasında da dəyişir. Belə ki, narazılığın göstərici 25-34 yaşlılar arasında 69 faiz, 35-49 yaşlılar arasında 78 faiz və 50-64 yaşlılar arasında isə 90 faiz olduğu bildirilir. Sorğu, həmçinin sosial təbəqələr üzrə fərqləri ortaya qoyur. Narazılıq sadə işçilər arasında 84 faiz, işsizlər arasında 80 faiz, yüksək vəzifəli və peşə sahibləri arasında isə 79 faiz təşkil edir. Makronun təhlükəsizlik siyasəti sağçı, solçu partiyaların tərəfdarları tərəfindən də tənqid olunur. Makronçu “Renaissance” partiyasının tərəfdarlarının 51 faizi onun bu sahədəki fəaliyyətini mənfi qiymətləndirir. Yaşılların tərəfdarları nisbətən az tənqidi olsa da, yenə də 60 faizi narazıdır. “Əyilməz Fransa” partiyasının seçiciləri arasında bu göstərici 79 faiz, sosialist partiyası tərəfdarları arasında isə 84 faizdir. Milli Birlik Partiyası tərəfdarları arasında isə rəqəm 92 faizə çatır. Respublikaçılar arasında narazılıq sürətlə artır. Respublikaçıların tərəfdarları arasında Makronun təhlükəsizlik sahəsində fəaliyyətindən narazı olanların sayı 82 faizdir. Bu, 2024-cü ilin may ayından bəri 10 faiz artım deməkdir. Bütün bunlar Makronun artıq Fransanın özündə də qəbul olunmadığını nümayiş etdirir.
Samirə SƏFƏROVA