AZ

Yurda qayıdışın sevinci

Cəbrayıl şəhəri və Ağdamın Xıdırlı kəndi növbəti sakinlərini qarşıladı

Azadlığına qovuşan Qarabağ və Şərqi Zəngəzurun hər şəhərinə, kəndinə qayıdış bu torpaqlara yeni nəfəs gətirir. Artıq üçüncü ildir ki, keçmiş məcburi köçkünlər yenidən qurulan, abadlaşdırılan, bərpa edilən doğma yurdlarına dönürlər. 

Bu gün artıq 50 mindən çox insan işğaldan azad olunmuş ərazilərdə yaşayır, çalışır, təhsil alır. Bu günədək dövlət tərəfindən görülən davamlı bərpa-quruculuq işləri nəticəsində 18 şəhər və kəndə əhali köçürülüb. Həmin ərazilərdə yaşayış üçün bütün lazımi infrastruktur qurulub, həmçinin sakinlərin məşğulluğu təmin olunub. 

Ötən gün isə Ağdamın Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salındı. Bununla daha 232 nəfər (60 ailə) Ağdam və 199 nəfər (50 ailə) Cəbrayıl sakininin vətən həsrətinə son qoyuldu. Onlara da doğma yurdları qapılarını açdı. 

2022-2026-cı illəri əhatə edən "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" çərçivəsində Şuşa, Xocalı, Füzuli, Cəbrayıl, Laçın şəhərlərinə, Zəngilan rayonunun Ağalı kəndinə, Ağdərə rayonunun Talış, Həsənriz, Suqovuşan kəndlərinə, Ağdamın Sarıcalı, Kəngərli, Xıdırlı kəndlərinə, Xocalının Ballıca, Təzəbinə, Xanyurdu kəndlərinə, Laçın rayonunun Sus, Zabux, Bəylik kəndlərinə ümumilikdə 4092 ailə olmaqla 16312 nəfər köçürülüb. Birinci mərhələnin sonuna kimi digər şəhər və kəndlərə də sakinləri qədəm qoyacaqlar. I Dövlət Proqramı çərçivəsində, yəni 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkünün Qarabağ və Şərqi Zəngəzura köçürülməsi planlaşdırılır.

Ümumilikdə soydaşlarımızın əzəli torpaqlarına qısa zamanda qayıdışının təmin olunması üçün dövlət tərəfindən işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri görülür. Prezident İlham Əliyevin bu ərazilərə mütəmadi səfərləri, yeni yaşayış məntəqələrinin, obyektlərin təməllərini qoyması, açılış mərasimlərində iştirakı artıq adi hal alıb.

III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə də Böyük Qayıdışla bağlı sualı cavablandıran Prezident diqqətə çatdırdı ki, Qarabağ və Şərqi Zəngəzurda görülən işlər o qədər genişmiqyaslıdır ki, bunu bir cavabda səsləndirmək çətindir. Dövlət başçısı vurğuladı ki, hər şey göz önündədir - qayıdan insanların sayı getdikcə artır və bundan sonra daha sürətlə artacaq: "Çünki biz birinci dörd ildə daha çox infrastruktur layihələri ilə məşğul idik. Onların əsas hissəsini demək olar ki, bitirmişik, bütün Qarabağ və Şərqi Zəngəzur dairəvi elektrik şəbəkə ilə artıq təmin edilib, Azərbaycanın ənənəvi elektrik təsərrüfatına da qoşulub".

Dövlət başçısı qeyd  etdi ki, infrastruktur layihələrinin əksəriyyəti başa çatdırılandan sonra daha böyük vəsait yaşayış evlərinə istiqamətləndiriləcək. Prezident həmçinin Böyük qayıdış proqramının artıq reallaşdığını və bunun davamlı olacağını və aydan-aya, ildən-ilə yurdlarına qayıdan vətəndaşların sayının çoxalacağını dedi. 

Dövlət başçısının "Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən Böyük qayıdışın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır" sözləri isə bu gün həmin ərazilərə səfər edənlərin də şahidi olduğu kimi, verilən sözlərin qısa zamanda yerinə yetirildiyini bir daha təsdiqləyir. 

Qeyd edək ki, Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı"nın hazırlanması haqqında da artıq sərəncam imzalayıb. 2027-2030-cu illəri əhatə edəcək proqram Qarabağ və Şərqi Zəngəzura qayıdışın davamlılığını təmin edəcək. Nəticədə 2030-cu ilə qədər yüz minlərlə soydaşımız bir zamanlar ermənilərin viran qoyduğu, dağıtdığı əzəli torpaqlarımıza dönəcək, Qarabağ və Şərqi Zəngəzura öz ruhunu qaytaracaqlar.

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Seçilən
30
azerbaijan-news.az

1Mənbələr