Xaçmaz sakini Mikayılov Mikayıl Azər oğlu “Kontakt Home” mağazalar şəbəkəsindən aldığı televizorun keyfiyyətsiz olduğunu və bir müddətdən sonra sıradan çıxdığını iddia edir.
Mia.az xəbər verir ki, şikayətçi bu barədə Bakupost.az-a müraciətində bildirib.
"Mənim ardıcıl müraciətlərimdən bir ay sonra servisin əməkdaşı evə gəlib məhsula baxış keçirdi. Ondan problemin səbəbini soruşduqda tutarlı bir cavab verməyərək, “sizə yalvaran olmuşdu "Kontakt"dan mal alın” deyib uzaqlaşdı".
“Yekun nəticə qeyd olunmuşdu ki, guya mən televizoru düzgün quraşdırmamışam. Lakin quraşdırılma zamanı hansı səhvə yol verdiyimi göstərə bilmədilər. Quraşdırılma standartları haqqında məlumat tələb etdikdə isə mənə məhkəməyə müraciət etməyi məsləhət gördülər. Tələb etdim ki, məhsul yenidən peşəkar servis əməkdaşı tərəfindən müayinə olunsun, çünki verdikləri texniki rəy əsassızdır. Aktda problemi yaradan səbəb əsaslandırılmayıb. "Kontakt Home" istehlakçı hüquqlarımı kobud şəkildə pozdu, mən həm mənəvi, həm də maddi ziyana uğradım".
“Müştəri məmnuniyyəti şöbəsinin əməkdaşları isə sadəcə yola verməklə məşğuldur. Əlaqə saxlayırlar, müştəri məmnuniyyətinin "Kontakt" üçün önəmli olduğunu deyirlər, lakin “aktda nə qeyd olunub?” sualıma cavab verə bilmirlər, çünki aktdan xəbərləri yoxdur. Buradan belə nəticəyə gəlmək olar ki, "Kontakt Home" problemi araşdırmır, birbaşa inkar edir. Çünki satdıqları məhsulların böyük əksəriyyəti servis zəmanəti ilə satılır, rəsmi brend zəmanəti yoxdur. Servis isə "Kontakt"la əlbirdir və müştərinin haqqına girirlər".