AZ

Azərbaycanın dəstəyi ilə Gürcüstanda STEAM mərkəzi yaradıla bilər

TBİLİSİ, 26 iyul. TELEQRAF

Azərbaycanda səfərdə olan Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze elm və təhsil naziri Emin Əmrullayevlə görüşüb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib.

Nazirlər iki ölkənin təhsil sistemlərinin bütün səviyyələrində aparılan islahatları, əməkdaşlığın genişləndirilməsi istiqamətində atılacaq addımları müzakirə ediblər.

G.Mikanadzenin sözlərinə görə, Gürcüstanda azərbaycanlı şagird, tələbə və müəllimlərin dəstəklənməsi üçün bir sıra mühüm təşəbbüslər həyata keçirilir.

Görüşdə STEAM sahəsində tərəfdaşlığın genişləndirilməsi də vurğulanıb. Azərbaycan tərəfi Gürcüstanda STEAM mərkəzi yaratmq istəyini bildirib, G.Mikanadze bu istiqamətdə əməkdaşlığa hazırlığını təsdiq edib.

Müzakirələr zamanı hər iki nazirliyin nümayəndələrinin təmsil olunduğu İşçi Qrupun işinin bərpası məsələsinə də toxunulub. Qeyd olunub ki, qrup bu ilin avqustundan fəal işə başlayacaq.

Görüşün sonunda G.Mikanadze azərbaycanlı həmkarını Gürcüstana dəvət edib.

Qeyd edək ki, Azərbaycanın dəstəyi ilə Gürcüstanda STEAM layihəsinin tətbiqi məsələsi 2022-ci ildən müzakirə olunur. Mərkəzin soydaşlarımızın sıx yaşadıqları Marneuli rayonunda yaradılması nəzərdə tutulurdu.

Seçilən
73
teleqraf.com

1Mənbələr