AZ

Sizi ən cəlbedici edən nədir? - Mütəxəssislər izah edir

Toronto Universitetinin rəhbərlik etdiyi yeni araşdırmalar gəlir səviyyəsinin romantik münasibətlərə təsirini ortaya qoyub.

E-saglam.az xəbər verir ki, “Marriage and Family” jurnalında dərc olunan nəticələrə görə, maddi vəziyyəti yaxşı olan insanlar sevgiyə daha açıq və münasibətlərə daha hazır olurlar.

Pul xoşbəxtlik gətirməz, bəs sevgi?

Araşdırmalar göstərib ki, yüksək gəlirli subaylar özlərini romantik münasibətə daha hazır hiss edir və sevgi tapma ehtimalları daha yüksək olur. 25-35 yaş arası fərdlərin izlənildiyi bu araşdırmalarda iştirakçılar altı ay və ya bir il sonra təkrar sorğudan keçiblər. Məlum olub ki, maliyyə baxımından sabit insanlar yeni münasibət qurmağa daha çox meyllidirlər.

Almaniya və ABŞ-dən müqayisəli nəticələr

ABŞ və Almaniyada aparılan araşdırmalar gəlirin münasibət niyyətlərinə təsirini ortaya qoyub. Almaniyada bu təsir kişilərdə bir qədər daha güclü olsa da, tədqiqatçılar cinslər arasındakı fərqin statistik olaraq ciddi olmadığını qeyd ediblər.

Toronto Universitetindən Prof. Geoff MacDonald bildirib ki, maliyyə qeyri-müəyyənliyi gənclərin münasibətlərə fokuslanmasını çətinləşdirir: “Əgər bir gənc harada yaşayacağını və sabah işinin olub-olmayacağını bilmirsə, o, emosional enerji sarf edə bilmir”.

Maliyyə sabitliyi əsas faktordur

Araşdırmanın digər müəllifi Prof. Johanna Peetz vurğulayıb ki, gəlir artımı təkbaşına kifayət deyil, əsas məsələ ümumi maliyyə sabitliyidir. Maliyyə təhlükəsizliyi təmin olunduqca insanlar emosional ehtiyaclarına – sevgi, yaxınlıq və aidiyyət hissinə daha çox önəm verirlər.

Şəxsiyyət də vacibdir

Tədqiqatçılar qeyd edirlər ki, bu nəticələr gəlirin münasibət niyyətlərinə təsiri olduğunu göstərsə də, pulun yeganə motivasiya mənbəyi olduğunu sübut etmir. Şəxsiyyət, həyat məqsədləri və mədəni dəyərlər də romantik münasibətlərə hazırlıqda mühüm rol oynayır.

Tərcümə: Könül Oruc

E-saglam.az 

Seçilən
30
e-saglam.az

1Mənbələr