AZ

Prezidentin köməkçisi: ATƏT-in Minsk qrupu tarixin arxivinə göndərilməlidir

“Bəzi hallarda bir sıra ölkələr arasında imzalanan sülh sazişi yalnız kağız üzərində qalır, lakin Cənubi Qafqazla bağlı vəziyyət fərqlidir. Bizdə əsl sülh hökm sürür. Ermənistanla Azərbaycan arasında hərbi toqquşmalar və ya eskalasiya artıq gündəlikdə deyil”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” nəşrinə müsahibəsində bildirib.

Bununla belə, o hər iki ölkənin müəyyən məsələlərdəki fikirlərində fərqliliklərin olduğunu diqqətə çatdırıb:

“Bəzi fikir ayrılıqları hələ də mövcuddur, lakin bu tamamilə normaldır. Diplomatiya və dialoq məhz bunun üçün lazımdır”.

Hikmət Hacıyev tərəflər arasında sülh razılaşmasının mətni ilə bağlı əhəmiyyətli dərəcədə razılığın mövcud olduğunu da diqqətə çatdırıb. Bununla yanaşı, o, Ermənistanın Konstitusiyasında Azərbaycana qarşı mövcud olan ərazi iddialarına da toxunub:

“Biz sülhə və bütövlükdə regionun çiçəklənməsinə hazırıq. Bu, artıq çox müsbət bir haldır. Rəsmi Bakı tərəfindən hazırlanan və Ermənistan tərəfinə təqdim olunan sülh razılaşmasının mətni əhəmiyyətli dərəcədə razılaşdırılıb. Lakin dəqiqləşdirilməsinə ehtiyac duyulan bəzi məsələlər var. Ermənistan Respublikasının Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. İstənilən Konstitusiya o zaman bir ölkənin daxili işi olur ki, orada digər bir dövlətin və ya onun konkret bir regionunun adı çəkilmir”.

Seçilən
54
7
aznews.az

9Mənbələr