BAKI, 27 iyul. TELEQRAF
Rusiyanın Volqoqrad vilayəti pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində dəmir yolunun enerji təchizatı pozulub, sərnişin qatarlarında gecikmələr yaranıb, Volqoqrad hava limanının fəaliyyəti isə dayandırılıb.
Vilayətin qubernatoru Andrey Boçarovun verdiyi məlumata görə, dron qalıqlarının düşməsi nəticəsində Oktyabr rayonunda dəmir yolunun kontakt şəbəkəsi zədələnib. Onun sözlərinə görə, hadisə zamanı xəsarət alan olmayıb.
Rusiya mediası hücumun sərnişin daşımalarına təsir etdiyini bildirir. Qatarların hərəkətində gecikmələr müşahidə olunur, Volqoqrad hava limanı isə müvəqqəti olaraq fəaliyyətini dayandırıb.
Hücum fonunda Rusiyanın qərb və cənub vilayətlərində də hava həyəcanı siqnalları verilib. Rusiya rəsmilərinin məlumatına əsasən, bu bölgələrdə də Ukrayna dronlarının mümkün hücumları ilə bağlı xəbərdarlıqlar edilib.
Qeyd edək ki, bir gün öncə Stavropol rayonunda dronlar radioelektron avadanlıqlar istehsal edən “Siqnal” zavodunu hədəfə alıblar. Beynəlxalq sanksiyalar altına düşən bu müəssisə aviasiya və radioelektron mübarizə üçün xüsusi təyinatlı avadanlıqlar istehsal edir.