“Napoli”nin yeni transferi, 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçi Kevin De Bröyne maraqlı açıqlaması ilə diqqət çəkib.
Arena.az “Sky Sport Italia” dərgisinə istinadən məlumat verir ki, veteran futbolçu keçmiş baş məşqçisi, “Mançester Siti”nin 54 yaşlı ispan çalışdırıcısı Xosep Qvardiola ilə “Napoli”nin 55 yaşlı italyan baş məşqçisi Antonio Konte arasındakı əsaslı fərqli açıqlayıb:
“Pep”in, güman ki, daha hücumameylli yanaşması var, Konte isə böyük müdafiə oyununa meyl edir, amma bunu da əminliklə iddia etmək olmaz. Biz cəmi onca gündür ki, birlikdə işləyirik, Qvardiola ilə isə mənim doqquz illik təcrübəm olub”, deyə De Bröyne vurğulayıb.
Xatırladaq ki, 2024/2025-ci illər mövsümünün başa çatması ilə “Mançester Siti”dən azad agent qismində ayrılmış De Bröyne “Napoli”yə qoşulub. Tərəflər 2 illik – müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Kevin De Bröyne “Genk”in məzunudur. Futbolçu, karyerası ərzində “Çelsi”, “Verder” (icarə), “Volfsburq” və “Mançester Siti”də oynayıb.
Geridə qalmış 2024/2025-ci illər mövsümündə De Bröyne “Mançester Siti” üçün 40 oyun keçirib, 6 qol və 8 məhsuldar ötürmə ilə fərqlənib.
De Bröynenin “şəhərlilər”in heyətində çıxışının ümimi mənzərəsi 422 oyun, 108 qol və 177 məhsuldar ötürmədən ibarətdir.
Kevin De Bröyne 2010-cu ilin avqustunda debüt etdiyi və hazırda kapitanı olduğu Belçika yığmasının heyətində 111 oyun keçirib, 31 qol vurub, 52 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 34 yaşlı belçikalı hücumameyilli yarımmüdafiəçinin transfer dəyərini 20 milyon avro məbləğində qiymətləndirir.