Rumıniyada qarşıdan gələn şənbə və bazar günləri havanın daha da isti keçəcəyi gözlənilir.
Bu barədə məlumatı ölkənin meteorologiya xidməti "Digi24" telekanalına açıqlayıb.
Verilən proqnoza əsasən, iyulun 26-dan etibarən ölkənin cənub bölgələrində "qırmızı" səviyyəli isti hava dalğası elan olunub. Bəzi ərazilərdə havanın temperaturu gündüz saatlarında 43°C-yə qədər yüksələcək, hiss olunan temperatur isə 45-46°C səviyyəsində olacaq.
Paytaxt Buxarestdə də analoji isti hava şəraiti gözlənilir. Burada temperaturun 42°C-yə çatacağı proqnozlaşdırılır. Gecə saatlarında isə istilik 25-22°C arasında dəyişəcək.
Ən isti günün şənbə olacağı bildirilsə də, bazar və bazar ertəsi də bir çox bölgələrdə yüksək temperaturun davam edəcəyi ehtimal olunur.
İsti hava dalğasının ardınca ölkənin əksər bölgələrində leysan yağışlar, güclü külək, tufan və dolu müşahidə olunacağı gözlənilir. Meteoroloqlar əhalini hava şəraitinə qarşı diqqətli olmağa və rəsmi xəbərdarlıqlara riayət etməyə çağırır.(milli.az)