AZ

Rusiya Ukraynada qalib ola bilməz, çünki…

İşğalçı Rusiya öz iqtisadiyyatını “hərbi relsə” keçirməyə xeyli ölçüdə nail olsa da, Ukraynadakı hədəflərinə 4 ildir çata bilmir. Yayın artıq ikinci ayı bitir, ancaq Moskvanın vəd elədiyi genişmiqyaslı hücum alınmır.

Səbəblər bir neçədir. Ukrayna xalqının əzmi və mətinliyi, ölkə ordusunun döyüş-döyüşə daha da peşəkarlaşması və hərbi texnologiya sahəsində möhtəşəm uğurları, o sırada hava məkanında üstünlüyü tədricən ələ alması, həmçinin müttəfiqlərinin güclü və varlı olması və s. Daha bir səbəb var. O da Azərbaycan daxil, bütün mədəni bəşəriyyətin və azadlıqsevər insanların, azad yaşamaq istəyən xalqların və ölkələrin qeyd-şərtsiz Ukraynanın yanında olması və onun mübarizəsinə dəstəyidir. Sözsüz ki, ukraynalılara əlavə mənəvi güc verən həm də bu faktordur.

Təəssüf ki, Rusiya rəhbərliyi dayanmaq əvəzinə, sərt gerçəklikləri görməzdən gəlir. Nəticədə onsuz da sayı azalmaqda olan rus xalqın mənasız müharibəyə görə hər gün xeyli sayda gənc övladını itirir. İqtisadiyyatı yeni və daha ağır, sağalmaz yaralar alır, olan-qalan dostlarını da itirir…

“Rusiyanın və digər ölkələrin gələcəyi Rusiyanın xüsusi hərbi əməliyyatda qələbəsindən asılıdır”.

Bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

“Rusiyanın gələcəyi və ümumiyyətlə, planetimizdə sülh (?! – red.) xüsusi hərbi əməliyyatın məqsədlərinə nail olmaqdan asılıdır. Qələbə bizim üçün son dərəcə vacibdir. Bu, təkcə bizim deyil, digər dövlətlər üçün də (?! – red.) gələcəyə sahib olmaq imkanıdır. Çünki yalnız çoxqütblü, ədalətli dünya nizamının qurulması müstəqil dövlətin inkişaf imkanını təmin edəcək”, – Volodin iddia edib.

Hansı qələbə? Beynəlxalq hüquq üzərində, dünya üzərində, sağlam məntiq üzərində qələbə?

Rusiya “çoxqütblü və ədalətli dünya” adı ilə, İ Pyotrun vəsiyyətləri əsasında öz qonşuları hesabına vaxtaşırı ərazisini genişləndirəcək və bu, qlobal sülhə “töhfə” sayılacaq? Volodin kimin qulağından “lapşa” (əriştə) asır görəsən? Rusiya üçün digər ölkələrin də müstəqilliyi belə əzizdirsə, Ukraynanın başına gərilənlər nədir bəs?..

Əslində bu, etirafdır. Neo-imperiya ambisiyalarının əsirinə çevirmiş bir dövlətin yüksək vəzifəli şəxsinin etirafı. Qanlı davanın heç də Ukraynadakı “rusların haqları” uğrunda aparılmadığının etirafı!

Artıq az qala məktəbli uşağa da bəllidir ki, “SSRİ -2”nin xəyalı ilə yaşayan Putin Ukraynada hədəfinə çatandan sonra dayanmayacaq. Əksinə, daha da şirniklənəcək. Ardınca Moskva “çoxqütblü, ədalətli dünya” naminə və “rusları xilas” bəhanəsi ilə Qazaxıstanın şimal bölgəsini yağmalayacaq. “Qardaş ukraynalılara” rəhm etməyən Rusiya millət yerinə qoymadığı qazaxlara nə baxır.

Əlbəttə ki, Moskva “ərköyünlük” edən Güney Qafqazı da unutmayacaq. Hətta NATO üzvü olan Baltikyanı ölkələrə də diş atacaq…

Paradoks da elə ondadır ki, hazırda qlobal sülh və təhlükəsizliyin təmin olunması Rusiyanın Ukraynada qələbəsindən yox, məhz geostrateji məğlubiyyətindən keçir. Yoxsa oyun qaydaları, ümumbəşəri dəyələri hərləməyən rusun qələbəsinin acısını harda yaşamasından aşlı olmayaraq, hamı bu və ya digər dərəcədə dadacaq, Moskvanın diktəsi, “resepti” ilə, onun “çətiri” altında yaşamalı olacaq.

Qısası, uduzan təkcə Ukrayna deyil, böyük ölçüdə Avropa, ABŞ, ələlxüsus gənc postsovet dövlətləri, dünya olacaq. Buna imkan vermək olarmı? Əlbəttə, yox. Yaxud Kremlin “Pirr qələbəsi” ona o qədər baha oturmalıdır ki, Rusiya on illiklər boyu (əgər varlığını saxlayacaqsa) öz “yaralarını yalamalı” olsun, bir də heç vaxt suveren dövlətlərə qarşı bu cür avantüralara getməsin…

Musavat.com

Seçilən
20
editor.az

1Mənbələr