Çində qədim və tarixi abidə olan Böyük Çin Səddindən kərpic oğurlayaraq internet üzərindən satan ər-arvad cütlüyü hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
KONKRET.az xəbər verir ki, mlumata görə, Linfen şəhərində fəaliyyət göstərən e-ticarət platformasında “tarixi tikinti daşları” adı ilə satış elanları paylaşan şəxslər polis tərəfindən izlənilib. Hüquq-mühafizə əməkdaşları sözügedən elanı araşdırdıqda, tarixi Çin səddindən götürülmüş orijinal kərpiclərin satışa çıxarıldığını aşkarlayıb.
Araşdırmalar nəticəsində məlum olub ki, saxlanılan şəxslər Beyçjunhuan kəndində yaşayan Van və Çjen adlı evli cütlükdür. Onlar platforma vasitəsilə Böyük Çin Səddindən söküb əldə etdikləri tikinti daşlarını 95 yuan (təxminən 13 ABŞ dolları) qiymətinə satıblar.
İstintaq orqanlarının ilkin məlumatına əsasən, cütlük 100-dən çox kərpici müxtəlif müştərilərə satmağa nail olub. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir, onların hərəkətlərinə hüquqi qiymət veriləcəyi gözlənilir.
Natiq Səlim,
KONKRET.az