AZ

Həmkəndlilərini rüsvayedici məlumatlarla şantaj edən şəxslərə AĞIR CƏZA

Şirvan Apellyasiya Məhkəməsində hədə-qoxu ilə tələb etmədə təqsirləndirilən Nahid Balayev və Fikrət Qurbanovun (hər iki şəxsin adları, soyadları şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Bəhmənovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.


İttihama görə, Nahid Balayev cinayətin törədildiyi vaxt yetkinlik yaşına çatmayan həmkəndlisi Fikrət Qurbanovla qabaqcadan əlbir olub bir qrup şəxs halında 2021-ci ilin noyabr ayının əvvəllərindən 2021-ci ilin dekabr ayının əvvəllərinədək olan dövr ərzində ayrı-ayrı vaxtlarda digər həmkəndliləri zərərçəkmiş V.V.nin (adı, soyadı şərtidir) Fikrət Qurbanov və zərərçəkmiş Q.Q. (adı, soyadı şərtidir) ilə cinsi əlaqədə olması barədə həqiqətəuyğun olmayan məlumatlar yayacaqları ilə hədələyib. Onlar 2021-ci ilin dekabr ayının əvvəllərində ayrı-ayrı vaxtlarda ümumilikdə 269 manat pulu zərərçəkmiş şəxs barəsində rüsvayedici məlumatlar yayacaqları ilə hədələməklə ələ keçiriblər.


Məhkəmənin hökmü ilə Nahid Balayev 6 il 6 ay və Fikrət Qurbanov isə 9 il müddətə azadlıqdan məhrum edilib.

Kamal Məmmədov 

Tarix: 28 İyul 2025, 08:39   
Seçilən
85
pravda.az

1Mənbələr