Son illərdə Türkiyənin regional və beynəlxalq müstəvidə artan diplomatik fəallığı diqqət çəkir. Prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putini və Ukrayna Prezidenti Volodimir Zelenskini bir araya gətirməyə yönələn cəhdlər, Ankaranın vasitəçilik rolunu gücləndirən nümunələrdəndir.
Türkiyənin eyni fəallığı Azərbaycan–Rusiya münasibətlərindəki gərginlik fonunda niyə müşahidə olunmur?
Referans xəbər verir ki, Globalinfo.az-a danışan politoloq Aytən Qurbanova deyib ki, regionda müşahidə olunan proseslər, xüsusilə də Bakı-Moskva münasibətlərindəki gərginliklər, Cənubi Qafqazın geosiyasi mənzərəsində yeni reallıqların formalaşdığını bir daha təsdiqləmiş oldu:
“Heç şübhəsiz, belə bir şəraitdə Türkiyənin nümayiş etdirdiyi mövqe həm regional təhlükəsizlik baxımından, həm də Azərbaycanın milli maraqları nöqteyi-nəzərindən xüsusi önəm kəsb edir.
İlk növbədə onu qeyd etmək lazımdır ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər hər zaman “bir millət, iki dövlət” prinsipi əsasında formalaşıb və zamanla strateji müttəfiqlik səviyyəsinə yüksəlib. 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi iki dost və qardaş ölkə arasındakı strateji tərəfdaşlığın hüquqi əsaslarını daha da möhkəmləndirən ən mühüm addımlardan biridir.
Hər kəsə məlumdur ki, Türkiyə Azərbaycanın otuz ilə yaxın işğal altında qalmış torpaqlarının azad edilməsində və postmünaqişə dövründə ölkəmiz tərəfindən irəli sürülmüş sülh gündəliyinin reallaşdırılması istiqamətində apardığı diplomatik mübarizədə hər zaman ardıcıl və prinsipial dəstək nümayiş etdirmişdir. Bu nöqteyi-nəzərdən yanaşdıqda, rəsmi Ankaranın Cənubi Qafqaz siyasətində Azərbaycanın əsas tərəfdaş statusuna malik olduğu istisnasız olaraq qeyd edilməlidir”.
Politoloq bildirib ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq çərçivəsində müxtəlif sahələr üzrə əməkdaşlıq həyata keçirilsə də, son dövrlərdə münasibətlərdə kəskin ziddiyyətlər müşahidə olunmaqdadır:
“Xüsusilə də informasiya müstəvisində və diplomatik ritorikada Rusiya tərəfindən səsləndirilən əsassız və qərəzli bəyanatlar regional sabitlik üçün ciddi təhdidlər yaradır. Rəsmi Bakı isə bu yanaşmalara qarşı hər zaman beynəlxalq hüquqa əsaslanan, milli maraqları və suveren hüquqları qətiyyətlə müdafiə edən mövqedən yanaşmağa etdirməyə davam edir.
Bu məsələdə əsas narahatlıq doğuran məqamlardan biri də ondan ibarətdir ki, Rusiya hələ də regionda yaranmış yeni geosiyasi reallıqları tam şəkildə qəbul etməkdə çətinlik çəkir. Halbuki Azərbaycanın suverenliyi və ərazi bütövlüyü heç bir halda müzakirə mövzusu ola bilməz və bu prinsip istənilən tərəfdaşla münasibətlərdə əsas prioritet kimi qəbul olunub”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta