AZ

ABŞ sükutu pozdu: İrana bir ay vaxt verildi- Müharibə başlayır

ABŞ prezidenti Donald Trampın son bəyanatı beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq doğurub. Tramp bildirib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasına əsla imkan verməyəcək. Onun sözlərinə görə, Tehran son qarşıdurmalara və atəşkəsə baxmayaraq, hələ də uranı zənginləşdirmək niyyətindən geri çəkilmir.

“Onlar hələ də uranı zənginləşdirməkdən danışırlar. Təzəlikcə dəhşətli bir vəziyyətdən çıxıblar, amma yenə də davam etmək istədiklərini deyirlər. Belə bir şey söyləmək üçün nə qədər axmaq olmaq lazımdır? Biz buna imkan verməyəcəyik”, – deyə Tramp sərt şəkildə bəyan edib.

Bu açıqlama bölgədə gərginliyin yenidən alovlanacağına dair ehtimalları gücləndirib. Trampın sözləri mümkün yeni hərbi əməliyyatın anonsudurmu?

 

Editor.az-a açıqlamasında politoloq Vəli Əlibəyov bildirib ki, 12 günlük müharibədən sonra, İranda atəşkəsin əldə olunması bütün dünyada gözlənilməz və şok effekti doğurdu:

“Bu, heç kimin gözləmədiyi qərar idi. Nə İsrail, nə də ABŞ qarşıya qoyduqları məqsədlərə çata bildilər. İranın nüvə obyektləri məhv edilmədi. Belə bir vəziyyətdə atəşkəsin imzalanması tamamilə şok təsiri bağışladı.

Donald Trampın son açıqlamaları göstərir ki, İrana qarşı hərbi əməliyyatlar yenidən başlaya bilər. ABŞ yaxşı anlayır ki, rəsmi Tehran öz mövqeyindən geri çəkilməyəcək. İranın uranı zənginləşdirməklə bağlı davamlı bəyanatları da onu deməyə əsas verir ki, əvvəlki hücumlarda nüvə infrastrukturu tamamilə sıradan çıxarılmayıb.

İran və İsrail arasında atəşkəsin əldə olunmasında ABŞ-ın mühüm rolu olub. Rəsmi Vaşinqtonun Tehranla gizli danışıqlar apardığı məlumdur. Lakin Trampın son çıxışları göstərir ki, həmin razılaşmalar İran tərəfindən tam yerinə yetirilmir. Buna görə də yaxın zamanda Tehrana qarşı yeni hücumların şahidi ola bilərik.
Əgər sabah və ya qarşıdakı bir ay ərzində İran uran proqramının ləğvi ilə bağlı konkret açıqlama verməzsə, müharibə qaçınılmaz görünür.”

Politoloq əlavə edib ki, İranın hava hücumundan müdafiə sistemləri hələ də tam bərpa olunmayıb:

“Hava məkanı faktiki olaraq İsrail və ABŞ-ın nəzarəti altındadır. Bu isə rəsmi Tehranın həmin ölkələr üçün açıq hədəfə çevrilməsinə səbəb olur. Məlumata görə, İran son vaxtlar öz silah arsenalını genişləndirməyə çalışır. Müxtəlif ölkələrdən silah alsa da, qısa müddətdə müdafiə qabiliyyətini yüksək səviyyəyə çatdıracağı inandırıcı deyil”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
editor.az

1Mənbələr