AZ

Ermənistan həm sülh danışığı aparır, həm də ABŞ konqresmenlərini Bakıya qarşı yönəldir - Fakt...


Elşad Həsənov: “Nikol özünü “sülh göyərçini” kimi göstərməyə çalışsa da, bu, razılaşdırılmış oyun da ola bilər”

ABŞ Konqresinin təxminən 90 üzvü Donald Tramp administrasiyasını ermənilərin Qarabağa təhlükəsiz qayıdışını təmin etməyə çağırır. Dövlət katibi Marko Rubioya məktubda Demokratlar və Respublikaçılar partiyalarından 87 konqresmen yazır ki, Qarabağ sakinlərinin qayıdışı beynəlxalq hüquqa və regionda ədalətli, davamlı sülhün bərqərar olunmasına uyğundur:

"Ermənistanla Azərbaycan arasında sülh uğrunda çalışdığınız bir vaxtda sizi münaqişənin bütün tərəflərini zorla köçürülmüş ermənilərin doğma yurdlarına, Dağlıq Qarabağa kollektiv, təhlükəsiz və ləyaqətli qayıdışının təmin olunmasına cəlb etməyə çağırırıq. Bu addım birbaşa beynəlxalq hüquqa və regionda ədalətli və davamlı sülhə uyğundur".

Tərəflər sülh sazişinə yaxınkən həm Respublikaçılar, həm də Demokratlar partiyalarının erməni lobbisinə yaxın konqresmenləri bu cür müraciətlə prosesi baltalamaq istəyirlər. Ancaq məsələnin digər tərəfi onunla bağlı ola bilər ki, Ermənistan hakimiyyəti prosesin içində ola bilər. Yəni sözügedən prosesdə Ermənistan hakimiyyəti nə dərəcədə fəaliyyət göstərir və nə dərəcədə iştirakçıdır? Bu, təkcə axı ABŞ-dakı erməni lobbisinin işi deyil. Ermənistan hakimiyyətinin bu prosesdə iştirak etməməsinə dair zəmanət vermək olmur. Zəmanət varmı ki, erməni hakimiyyəti bu cür aksiyaların, diplomatik demarşların təşkil olunmağında iştirakçı və maraqlı deyil? Əgər bunda onların da iştirakı varsa, o zaman Ermənistanın ziddiyyətli siyasət aparmağının və sülh prosesini pozmağının əlamətlərindən biridir. Bir tərəfdən Azərbaycanla danışıq aparır, o biri tərəfdən gündəmdən çıxmış bir məsələni yenidən gündəmə qaytarmaq istəyir. Bir sözlə, konqresmenlərin Rubiyoya müraciətində Ermənistan hakimiyyətinin iştirakı nə dərəcədə mümkün və real olan bir şeydir?

“Ermənistan hakimiyyəti bu prosesin və oyunun içində yer ala bilər, çünki bu birinci dəfə deyil baş verir”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, ermənipərəst konqresmenlərin müraciəti hüquqa və məntiqə söykənmir: “Onlar unudurlar ki, Azərbaycan ərazisində yaşayan ermənilər Qarabağdan zorla köçürülməyiblər. Bunu BMT-nin müvafiq komissiyası da təsdiq edir. Bəyan etdilər ki, buradan zorla köçürülmə olmayıb. Bu, məsələnin bir tərəfi. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, ABŞ-da çox güclü erməni lobbisi var. Onlar da Rusiyadakı erməni lobbisi kimi, Qarabağda Azərbaycanın suverenliyinin bərpasını həzm edə bilmirlər. Bütün vasitələrlə çalışırlar ki, ermənilər Qarabağa qayıtsınlar. Ermənistan hakimiyyəti bu prosesin və oyunun içində yer ala bilər, çünki bu, birinci dəfə deyil baş verir. Birinci Qarabağ müharibəsində ərazilərimiz işğal ediləndə Ermənistanın ovaxtkı prezidenti Levon Ter-Petrosyan özünü elə aparırdı ki, guya bundan xəbəri yoxdur. Guya Qarabağdakı erməni separatçıları ona tabe olmurlar və İrəvan hakimiyyətindən xəbərsiz rayonları işğal edirlər. Halbuki, bu, ağ yalan idi. Ermənistanın bilavasitə köməyi və iştirakı olmadan ərazilərimizi işğal edə bilməzdilər. İllər sonra ortaya çıxan və 1993-cü ilə aid çəkilişdə məlum olub ki, işğala bilavasitə Ter-Petrosiyan rəhbərlik edib. Bu baxımdan bəli, Nikol Paşinyan özünü “sülh göyərçini” kimi göstərməyə çalışsa da, bu, razılaşdırılmış oyun da ola bilər. Yəni ermənipərəst konqresmenlərin əli ilə sülh prosesini pozmaq və bu yolla vaxt qazanmaq istəyirlər. Qarabağ ermənilərinin qayıtmasından dəm vuran konqresmenlər nəyə görə Ermənistandan qovulan 250 min azərbaycanlının hüquqlarından danışmırlar? Məgər Azərbaycan Qarabağ ermənilərini zor gücü ilə çıxarıb? Təbii ki, yox. Onlar Azərbaycanın qanunlarını qəbul etməklə geri qayıda bilərlər. Ancaq Qərbi Azərbaycandan qovulan soydaşlarımızın geri qayıtması təmin edilməlidir”.

Vidadi ORDAHALLI

Seçilən
16
baki-xeber.com

1Mənbələr