AZ

Deputat: Bu prosesdən itirən tərəf Azərbaycan olmayacaq

Bir müddətdir ki, rəsmi Bakı və Kreml arasında münasibətlərdə soyuqluq müşahidə olunur. Məhsullarımızın Rusiya bazarına buraxılmaması, miqrantlara qarşı sərt yanaşmalar və müxtəlif siyasi mesajlar bu xətti daha da gücləndirir. Baş verənlər iki ölkə arasında etimadın zəiflədiyini göstərir və gələcək mərhələdə yeni risklərin yaranacağı ehtimalını artırır.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında deyib ki, Rusiya Federasiyası ilə Azərbaycan arasında son zamanlar müşahidə olunan münasibətlərin gərginləşməsinin başlıca səbəbi Rusiyanın Azərbaycana qarşı sərgilədiyi aqressiv yanaşmalardır:

“Azərbaycan təyyarəsinin Rusiya hava məkanında vurulması, bu hadisənin etiraf olunmaması, məsul şəxslərin cəzalandırılmaması, əksinə, baş verənlərin ört-basdır edilməsinə yönəlik cəhdlər, ikitərəfli münasibətlərdə ciddi suallar doğurur. Rusiya düşünməlidir ki, Azərbaycan kimi əhəmiyyətli qonşu ölkə ilə münasibətlərin pozulması hazırkı geosiyasi vəziyyətdə onun xeyrinə deyil. Çünki hazırda Rusiya beynəlxalq müstəvidə ciddi təzyiqlərlə üz-üzədir. Avropa İttifaqı ilə açıq qarşıdurma şəraitindədir, ABŞ-la münasibətləri isə enişli-yoxuşludur. Belə bir vaxtda Rusiya üçün ən real dayaqlardan biri post-sovet məkanı ölkələri olmalıdır. Lakin təəssüf ki, Moskva bu coğrafiyada da ardıcıl olaraq Gürcüstan, Moldova, Ermənistan, Ukrayna, artıq Azərbaycanla da gərginlik yaradır”.

Deputat əlavə edib ki, Azərbaycanlı miqrantlara təzyiqlər, Azərbaycandan Rusiyaya ixrac olunan məhsullara tətbiq edilən qadağalar və iqtisadi təzyiqlər Rusiya üçün əslində heç bir strateji nəticə vermir:

“Çünki bu sahədə əlaqələr həcmi baxımından o qədər də böyük deyil. Azərbaycan fermeri məhsulunu Rusiyaya sata bilmədiyi halda, onu Körfəz ölkələri və ya Çinə yönəldə bilir. Məsələn, Çin artıq Azərbaycan şərabının əsas potensial bazarlarından birinə çevrilib. Buna görə də Rusiya ciddi düşünməlidir ki, öz qonşuluq siyasətini dəyişmədiyi təqdirdə, strateji tərəfdaşlıqları itirəcək. Bu prosesdən itirən tərəf Azərbaycan olmayacaq əksinə, siyasi təcridə düşən və əlaqələri zəifləyən tərəf Rusiya olacaq”.

Leyla Turan 
Demokrat.az
Seçilən
16
1
demokrat.az

2Mənbələr