Politoloq: Xüsusilə Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrin dərinləşməsinə mühüm təkan verdi
İsrailin Azərbaycandakı səfiri Corc Dik fəaliyyətinin yekunlarına dair mətbuat konfransında bildirib ki, Azərbaycan haqlı olaraq tolerantlığı və multikulturalizmi ilə qürur duyur. Diplomat İsrail-Azərbaycan əlaqələrinin son 6 ildə daha da inkişaf etdiyini diqqətə çatdırıb. İsraildə Azərbaycan səfirliyinin açılması münasibətlərimizin tarixində dönüş nöqtəsi idi.
Məsələ ilə bağlı politoloq İlyas Hüseynov Demokrat.az-a açıqlamasında deyib ki, İsrail və Azərbaycan arasında münasibətlər hazırda inkişafın yeni mərhələsinə qədəm qoymaqdadır:
“Bu münasibətlərin möhkəmlənməsində keçmiş İsrail səfiri Corc Dikin rolu danılmazdır. O, xüsusilə 2020-ci il Vətən müharibəsi dövründə Azərbaycan xalqının rəğbətini qazandı. Gəncə şəhərinin raket atəşinə tutulmasından sonra onun şəhərə səfəri, müharibə şəhidlərinin ruhuna ehtiram göstərməsi xalqımız tərəfindən yüksək qiymətləndirildi. Bu, çətin dövrdə olduqca dəyərli bir jest idi. Corc Dik həm şəxsi keyfiyyətləri, həm də diplomatik fəaliyyəti ilə Azərbaycan-İsrail münasibətlərinin yaxınlaşmasına bilavasitə töhfə verdi. Bu gün iki ölkə arasında siyasi, iqtisadi, mədəni, enerji və hərbi-texniki sahələrdə əməkdaşlıq mövcuddur. Xüsusilə Azərbaycanın İsraildə səfirliyinin açılması bu əlaqələrin dərinləşməsinə mühüm təkan verdi və ticarət dövriyyəsinin artmasına da müsbət təsir göstərdi”.
Politoloq əlavə edib ki, İsrailin qabaqcıl hərbi texnologiyaları Azərbaycan üçün strateji əhəmiyyət kəsb edir. "Harop", "Dəmir Qübbə", "Spike" və digər silah sistemləri 44 günlük müharibə zamanı effektiv şəkildə istifadə edildi:
“Azərbaycanın hava hücumundan müdafiə sistemlərinin qurulmasında və ərazi bütövlüyümüzün bərpasında bu texnologiyalar mühüm rol oynadı. Hazırkı mərhələdə Azərbaycan-İsrail münasibətləri yalnız güclü tərəfdaşlıq deyil, həm də qarşılıqlı siyasi iradəyə əsaslanan sabit və etibarlı əlaqələrdir. Əminəm ki, yaxın illərdə bu münasibətlər daha da inkişaf edəcək və strateji tərəfdaşlıq daha geniş sahələri əhatə edəcəkdir”.
Leyla Turan
Demokrat.az