AZ

Qaydalar dəyişir: İki düşmən hədəfə alındı, üç ölkə birləşdi – Nə baş verir?

  Xəbər verdiyimiz kimi, Böyük Britaniya parlamentinin bir qrup deputatı İranın İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasını tələb edib. Bildirilib ki, SEPAH radikal “Mehdiçilik” doktrinasına inanır və bu ideologiyanın məqsədi “qiyamət döyüşü” vasitəsilə yəhudiləri, xristianları, İsraili və Qərb ölkələrini məhv etməkdir. Paralel olaraq, ölkənin baş naziri Kir Starmerin Fələstin açıqlaması diqqət çəkib. Yəhudi sevgisi ilə tanınan lider Fələstin dövlətini tanıya biləcəyini elan edib.

Xatırladaq ki, Starmerin həyat yoldaşı yəhudidir və o, vəzifəyə gəldikdən sonra yəhudiliyə sadiqliyini açıqlamış, musəvi dininin ayinlərinə böyük hörmət etdiyini bildirmişdi. Həmin zaman baş nazirin İsraili dəstəkləməsi ölkədə narazılıq doğurmuşdu.

Qeyd edilən addımlar beynəlxalq münasibətlərdə nələri dəyişə bilər? Britaniyanın qərarları regionda hansı nəticələrə yol açacaq?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev deyib ki, Böyük Britaniyanın son addımları beynəlxalq münasibətlərdə bir sıra strateji dəyişikliklərin və ciddi siqnalların göstəricisidir:

“ABŞ hələ 2019-cu ildən SEPAH-ı xarici terror təşkilatı kimi tanımışdı. Britaniya bu addımı atmaqla Vaşinqton və Təl-Əvivin İran siyasətinə daha açıq və koordinasiyalı şəkildə dəstək verdiyini nümayiş etdirmək istəyir. Həmçinin bu qərar İranın regiondakı fəaliyyətinə qarşı narahatlığın artdığını göstərir. SEPAH hazırda Yaxın Şərqdə, xüsusilə Suriya, Livan, İraq və Yəməndə daha fəal mövqe tutur. Britaniya bunu öz təhlükəsizliyi üçün potensial risk kimi qiymətləndirə bilər”.


Anar İsayevin fikrincə, SEPAH-la bağlı addım İranın daxili və xarici siyasətində ciddi reaksiyalara səbəb olacaq:

“Böyük Britaniya SEPAH-ı rəsmi şəkildə terror təşkilatı kimi tanısa, İran öz xarici siyasətində müəyyən korrektələrə getməyə məcbur qalacaq. Bu qərar Tehranda ciddi siyasi və ictimai reaksiyalara yol aça bilər. Britaniya Tehran məsələsində artıq ABŞ və İsraillə eyni cərgədə yer almağa başlayıb. Fələstinə gəlincə, Böyük Britaniya və İsrail arasında siyasi, hərbi və digər sahələrdə əlaqələr hər zaman yüksək səviyyədə olub. 1917-ci ildə Balfur Bəyannaməsi ilə İsrail dövlətinin yaranmasında Britaniyanın mühüm rolu olmuşdu. Fələstini dövlət kimi tanımaq niyyəti, əslində, İsrailə verilmiş ciddi siyasi siqnaldır. Əgər müharibə və mülki itkilər davam edərsə, Qərb dövlətləri daha açıq şəkildə Fələstini dəstəkləyə bilər”.

Politoloq əlavə edib ki, ABŞ-dan fərqli olaraq, Fələstin-İsrail münaqişəsində Avropa İttifaqı (Aİ) ölkələrinin və Britaniyanın mövqeyi zaman-zaman fərqli olub:

“Qəzza bölgəsində vəziyyət humanitar fəlakət səviyyəsinə çatıb, insanlar aclıqdan həyatını itirir. Britaniya bu addımı həm daxili ictimai qınağı nəzərə alaraq, həm də islam dünyasında nüfuz qazanmaq və iqtisadi maraqlarını gücləndirmək məqsədilə atır. Yəni bu bəyanat təkcə humanitar deyil, eyni zamanda strateji xarakter daşıyır”.  

Seçilən
43
1
referans.az

2Mənbələr