AZ

Ermənistan həlledici seçim qarşısında

Ermənistanda  parlament  seçkilərinin  2026-cı il iyunun 7-də  keçiriləcəyi ilə bağlı  açıqlamadan sonra  ölkədə  qalmaqalların əhatə dairəsi genişlənir.  Sonuncu parlament seçkilərində  Ermənistan baş naziri  Nikol Paşinyanın «Vətəndaş Müqaviləsi» partiyası 54 faiz üstünlüklə  71 deputat kürsüsünü qazanmışdı. Baş nazirin komandası Ermənistan cəmiyyətinin müharibəni istəmədiyi, xalqın övladlarının  başqa dövlətin torpaqlarında işğalçı olaraq ölməsinə etiraz etdikləri üçün  növbədənkənar parlament seçkisində uğur qazanmışdı.  Bu gün Ermənistanda   baş verənlər,  daim Rusiyanın əlində vasitə olan kilsə ilə dövlət  arasında yaranan  qarşıdurmalar,  rəsmi Kremlin kadrları olan  sabiq prezidentlərin kreslo uğrunda mübarizələri, Nikol Paşinyanın Qərblə Rusiya arasında yerdəyişmə  seçimləri   ictimai- siyasi vəziyyəti mürəkkəbləşdirir.

 Kilsə-din amilindən istifadə etməklə  Paşinyana qarşı birləşən qüvvələr ilk olaraq  «Vətən naminə» Tavuş” hərəkatının lideri, keşiş Baqrat Qalstanyanın başçılığı ilə keçirilən  yürüş və mitinqlərdə  baş nazir əleyhinə  təxribatlara başladılar. «İstefa» tələbləri səsləndirildi.  Erməni Apostol Kilsəsi (EAK) ətrafında yaranan qalmaqallar dövlət-din münasibətlərini daha da  kəskinləşdirdi. Baqrata  dəstək verən Ümumerməni katolikosu II Qaregini müdafiə  etməklə  öz məqsədlərinə çatmaq istəyən  sabiq prezidentlər  Robert Koçaryanın və Serjik Sarkisyanın  tərəfdarları meydanlarda göründülər. Paşinyanın Moskvadakı pravoslav kilsəsinə bağlı Ümumerməni kilsəsinin başçısını əxlaqsızlıqda, dini əqidəsinə zidd həyat tərzində ittiham edərək, onu «dələduz”» adlandırması Rusiyadakı din xadimlərini də narahat etdi. Müxalifyönümlü,  başqa sözlə deyilsə  rusiyameyilli iş adamlarının fəaliyyəti ilə bağlı  aparılan yoxlamalar  milyarderləri  təşvişə saldı. Paşinyanın Ankaraya səfərindən, Əbu-Dabidə Prezident  İlham Əliyevlə görüşündən, Qərbi Azərbaycandan zorla çıxarılmış soydaşlarımızın doğma  yurdlarına qayıtması, Zəngəzur dəhlizinin bərpası istiqamətində  danışıqların sürətlənməsi ilə bağlı  müzakirələrdən sonra  daha da  hiddətlənən antitürk qüvvələr  baş nazirə qarşı birləşiblər. Hazırda seçim qarşısında olan  Ermənistan ictimaiyyəti , siyasi dairələr  biri-birindən fərqli  vəziyyətdən çıxış yollarını axtarırlar. Antitürk, anti-Azərbaycan siyasətdən imtina, Rusiyanın kadrı olan  II Qarageni  uzaqlaşdırmaqla  yeni kilsə şəbəkəsi  formalaşdırmaq, Paşinyanın irəli sürdüyü « Real Ermənistan»  konsepsiyasını qəbul etmək, daşnakların əsrlərdən bəri xəyallarında yaşatdıqları sərsəm   «dənizdən dənizə böyük Ermənistan»” xəyalları, yeni konstitusiyanın qəbulu, qonşu dövlətlərlə  münasibətləri normallaşdırmaq…   Suallar çox olduğu kimi, problemlərin həlli yollarının müxtəlifliyi ilə bağlı açıqlamalar   İrəvanın  siyasi həyatını  cəhənnəmə çevirib. Baş nazir 7  ili arxada qalan  hakimiyyətinin davamını istəyir. Yeni dövrə yol isə islahatlar tələb edir.  Ən əsası odur ki,  Türkiyə və Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın dövlət kimi mövcudluğuna təminat ola bilər. Bu, həm də yeni Ermənistan qurmağın yoludur.

Rusiya ilə münasibətləri  kritik həddə olan Ermənistanın baş naziri Nikol Paşinyanın   qədim türk torpağı Altayda keçirilən Beynəlxalq Ekoloji Konfransda iştirakı, Rusiyanın  Baş naziri Mixail Mişustinlə yanaşı dayanması da əlavə söh-söhbətə səbəb olub. Son vaxtlarda Paşinyanı gözdən salmağa çalışan Moskvanın İrəvana  yenidən  «jestini» Kremlin geosiyasi oyunlarının  növbəti şousu hesab edən qərbyönümlülər bu «yaxınlaşma» ilə razılaşmırlar. Ölkəsinin Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini davam etdirmək niyyətində olduğunu bildirən Paşinyan  belə iki ölkə arasındakı münasibətlərə dağıdıcı təsir göstərən şəxslər olduğunu  təsdiqləyib. İrəvanda Zəngəzur dəhlizinə  fərqli yanaşmalar isə  ölkədə daha çox  ajiotaj yaradıb. Dəhlizlə bağlı  müzakirələrin intensivləşməsi, sülh müqaviləsinin imzalanması istiqamətində   ümidverici  informasiyaların yayılması, Rusiyanın Gümrüdəki 102-ci bazasına  yeni texnika və hərbçilər daşıması fərqli məlumatlar   olsa da nəticədə bir ölkənin daxilində ziddiyyətlrin yaranması üçün əsas səbəblərdəndir. Paşinyanı Türkiyə və Azərbaycanın mənafeyinə xidmətdə günahlandıran Rusiya meyillilərlə Qərbə üz tutanlar arasında güclənən rəqabət, dövlət-din münasibətlərinin  dramatik səviyyəyə qalxması ölkədə davam edən çoxprofilli münaqişələri gərginləşdirir. Paşinyanla razılaşmayanlara, onun  sülh  sazişi ilə bağlı danışıqlar masasında güzəştlərini pisləyənlərə qarşı  təmizləmə prosesi   2026-cı il seçkilərinə qədər davam edəcək.  Təbii ki, bu məsələdə maneələr də olacaq. Revanşistlər  xalqı Azərbaycanla müharibəyə təhrik edir. Sərhəddə atəşkəsi  pozmaqla  fövqəladə vəziyyət  elan etmək, bununla da parlament seçkilərini  yubatmaq iətəyənlər də vardır. Hazırda davam edən   «beşinci kolon»u zərərsizləşirmək variantı da qüvvədədir. Hətta seçki saxtakarlığı tərəfdarları da  bu istiqmətdə planlarını həyata keçirirlər.

Amma bütün hallarda  ən səmərəli variant bölgədə sabitliyin yaranması üçün  sülh sazişinin imzalanması, Zəngəzur dəhlizinn açılması olacaq.

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
9
ikisahil.az

1Mənbələr