AZ

İnsan haqları qaz müqabilində? Avropa İttifaqı Azərbaycanla münasibətlərə görə tənqidlə üzləşir

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiyanın 2022-ci ildə Ukraynaya təcavüzündən sonra Avropa İttifaqı liderləri Rusiya qazından asılılığı azaltmaq üçün ümidlərini, enerji tərəfdaşı kimi, Azərbaycana bağladılar.

Tənqidçilər deyirlər ki, bu, Azərbaycanda repressiyaların geniş yayılmasına səbəb oldu, Aİ isə öz prinsiplərinə xəyanət etdi, lakin qazla bağlı problemlərini həll etmədi.

BBC avtoritar respublikanın demokratik ölkələr bloku ilə yaxınlaşmasının nəticələrini qiymətləndirmək üçün diplomatlar və ekspertlərlə danışıb.

Albaniya. Avropa Siyasi Birliyinin zirvə toplantısı. Kaja Kallas və İlham Əliyev yağışda yan-yana gedirlər, Əliyev Kallas-ın başı üstündə çətir tutub. O, son iki ildə misli görünməmiş siyasi repressiyaların geniş yayıldığı bir ölkənin lideridir. Digəri Avropa İttifaqınin baş diplomatıdır.

Əliyevin bu ilin mayında Tiranada Aİ-nin yüksək vəzifəli şəxsləri ilə səmimi görüşünün görüntüləri Azərbaycan Prezidentinin tənqidçilərini qəzəbləndirmişdi.

Bundan bir ay əvvəl, Kaja Kallas mətbuata təzyiqlərin ən qızğın vaxtında və ölkənin əsas BMT ofisləri və Qızıl Xaç ofisi bağlandıqdan az sonra Bakıya gəlmişdi.

Azərbaycan və Avropa ölkələri arasında münasibətlərdə yeni mərhələ 2022-ci ilin iyulunda, Avropa Komissiyasının sədri Ursula von der Leyen Azərbaycanı "Rusiya təbii yanacaqlarından imtina etmək səylərində əsas tərəfdaş" elan etdikdən sonra başlayıb.

Son üç il ərzində İlham Əliyev beşinci dəfə prezident seçilib, onun səlahiyyət müddəti isə 21 ili aşıb.

Onun hakimiyyətini Qarabağ müharibəsində tam qələbə daha da gücləndirib. Bu müharibə bütün erməni əhalisinin bölgəni tərk etməsi ilə nəticələnib.

Azərbaycanda siyasi məhbusların sayı, hüquq müdafiəçilərinin təbirincə, yüz nəfərdən 350-yədək artıb, bəzi media orqanlarının isə, demək olar ki, bütün kollektivi həbs olunub.

Ötən ilin dekabrında Avropa Parlamenti bu problemləri etiraf edərək Avropa Komissiyasını Azərbaycana qarşı şəxsi sanksiyalar tətbiq etməyə və "Azərbaycan qazının idxalından asılılığa son qoymağa" çağırıb.

Lakin Avropa Parlamentinin qətnamələri tövsiyə xarakteri daşıyır və ittifaqın beynəlxalq siyasətinə cavabdeh olan məmurların öhdəsinə heç nə qoymur.

Müxalifəti "beşinci kolon" adlandıran Əliyev həbsləri "media məkanını xarici mənfi təsirlərdən qorumaq"la izah edib.

Azərbaycan müxalifətçiləri narazıdılar ki, insan haqlarının və demokratiyanın qorunmasını Avropa İttifaqının strateji maraq və vəzifəsi kimi bəyan edən Avropa rəsmiləri Azərbaycana gələndə bunu istisna edirlər.

Lakin bəzi avropalı müşahidəçilər daha ciddi ittiham irəli sürürlər: bu, Aİ tərəfindən sadəcə repressiyalara məhəl qoymamaq deyil - Avropa siyasəti buna gətirib çıxarıb.

"Repressiyalar, dissidentlərin, blogerlərin və başqa cür düşünənlərin həbsləri həmişə Bakı ilə Brüsselin münasibətlərində qıcıqlandırıcı faktor olub, - keçmiş latviyalı diplomat, sonralar Avropa Parlamentində Sosial Demokratlar fraksiyasının xarici siyasət məsələləri üzrə müşaviri vəzifəsində çalışmış Eldar Məmmədov deyir. - Lakin Rusiyanın Ukraynaya təcavüzündən sonra bu məsələ praktiki olaraq, rəsmi gündəmdən çıxarılıb".

Brüssel bu ittihamı rədd edir, bəs Azərbaycanın Brüssellə münasibətlərində hansı "kozur"ları var?

Birinci "kozur": qaz

"Bəziləri hələ də deyirlər ki, biz Rusiya nefti və qazının kranını yenidən açmalıyıq. Bu, tarixi miqyasda səhv olardı. Və biz buna heç vaxt yol vermərik".

Ursula von der Leyen, Avropa Komissiyasının sədri, 7 may 2025-ci il.

2022-ci ilə qədər bütün Avropa qaz idxalının təxminən 45 faizi Rusiyanın payına düşürdü.

Ukraynaya tammiqyaslı müdaxilə Avropa İttifaqını onun son dərəcədə zəifliyini anlamağa məcbur etdi və artıq iki il ərzində Rusiyanın payı yarıdan çox azalaraq 19 faizdən az oldu.

Bu prosesdə əsas rolu mayeləşdirilmiş təbii qazın boru kəmərləri ilə deyil, dəniz yolu ilə nəql edilməsinə keçid oynadı - bu, ABŞ, Qətər və Misir kimi ölkələrdən daha çox qaz almağa imkan verdi.

Lakin Azərbaycan da qaz tədarükünü 2021-ci ildə 8,2 milyard kubmetrdən 2024-cü ildə, demək olar ki, 13 milyard kubmetrə çatdıraraq öz rolunu oynayıb.

Aİ miqyasında qaz idxalında Azərbaycanın payı cüzi, 4,3 faiz olaraq qalır.

Amma Cənub Qaz Dəhlizi ilə Azərbaycana qoşulan ittifaq ölkələrində vəziyyət fərqlidir.

Bolqarıstan qazın təqribən 40 faizini, Yunanıstan və İtaliya isə 15 faizdən çoxunu bu dəhliz vasitəsilə alır.

Demək olmaz ki, Aİ Bakıdan asılıdır: Brüsselin strategiyası, əksinə, tədarükləri şaxələndirərək bu cür asılılıqdan qaçmaqdır.

"Azərbaycan qazının çatışmazlığı səbəbindən Avropada işıqlar sönməyəcək", - həmçinin Cənubi Qafqazla işləyən PRISM konsaltinq şirkətinin iqtisadi analitiki Ben Godwin deyir.

Amma problem ondadır ki, Aİ-nin Bakı ilə danışıqlarda "kozur"ları yoxdur, məsələni açıq şəkildə şərh edə bilməyən yüksək səviyyəli avropalı diplomat BBC ilə söhbətində deyib.

"Azərbaycan indi xarici təzyiqlər baxımından olduqca rahat vəziyyətdədir, - o deyir. - Mən Avropanı Azərbaycana, "biz artıq sizin qazınızı almayacağıq" deyə bilən vahid bir qüvvə kimi görmürəm. Çünki italyanlar, yunanlar, Balkan ölkələri yenə deyəcəklər: "Yox, biz bacarmırıq, bizə Azərbaycan qazı lazımdır". Belə olan halda Avropanın Azərbaycana ciddi təzyiq rıçaqları yoxdur".

İkinci "kozur": Rusiya

"Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və tarixi, bu günü və gələcəyi bir olan ölkələrdir və olmalıdırlar".

Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov, 7 iyul 2025-ci il.

İyun ayında Rusiyada saxlanılan iki azərbaycanlının ölümünə - sıradan deyil, lakin iki ölkə üçün görünməmiş də olmayan hadisəyə - Bakının reaksiyası çoxları üçün gözlənilməz oldu.

Azərbaycan hakimiyyəti Rusiyanın mədəni tədbirlərini ləğv etdi, Rusiyanın "Sputnik" agentliyinin əməkdaşlarını və adi köçkünləri həbs etdi, dövlət mediası isə Rusiyanı nasist Almaniyası ilə müqayisə etməyə başladı.

Bütün bunlar ötən ilin dekabrında Qroznıda "Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin qəzaya uğramasından sonra xeyli korlanan iki ölkə arasında münasibətləri ən aşağı səviyyəyə endirdi.

İndiki eskalasiyanın bir neçə səbəbi var ki, bunlardan da başlıcası, politoloqların fikrincə, Bakının Moskva ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaş statusu əldə etmək cəhdidir. Amma bu, həm də Qərbə bir siqnaldır.

"Azərbaycan Putinin rəqibi imicini təbliğ edir", - Qafqaz üzrə tədqiqatçı Kirill Krivoşeyev qeyd edir.

Əliyev Rusiyaya ənənəvi dost olan dövlətlər birliyi – MDB ölkəsinin - mayın 9-da Moskvada keçirilən parada getməyən yeganə lideri idi (Moldova MDB-dən çıxmaq prosesindədir).

Əliyev Ukraynanın Rusiya tərəfindən zəbt olunmuş ərazilərini işğal olunmuş adlandırır və Ukraynaya humanitar yardım (əsasən bombardman nəticəsində dağılmış enerji sistemlərini bərpa etmək üçün) göndərir.

Kirill Krivosheyev Əliyevi, Moskva ilə rəsmi müttəfiq münasibətlərinə baxmayaraq, 1968-ci ildə sovet qoşunlarının Praqaya müdaxiləsini pisləyən qəddar Rumıniya diktatoru Nikolae Çauşesku ilə müqayisə edir.

"Və bu sadə jestinə görə o, Qərbdə yaxşı dəstək alırdı, yəni onunla əməkdaşlıq etmək "utancverici" deyildi, - Krivosheyev deyir. - Və bu gün Əliyevə də eynisi edilir - Ukraynanı dəstəkləmək barədə sözləriniz üçün sizi hər şeyə görə bağışlayarlar".

Moskva da öz növbəsində Bakıya çox şeyi bağışlayır, o cümlədən Avropa ilə ticarətin azalması şəraitində, xüsusilə vacib olan Rusiya, Hindistan və Fars körfəzi ölkələri arasında əlaqəni təmin edən, Azərbaycan ərazisindən keçən Şimal-Cənub nəqliyyat dəhlizinin qərb qoluna görə. Keçən il dəhliz üzrə tranzit 28 faiz artıb.

"Əliyev Qərblə Rusiya arasındakı geosiyasi qırılma xətlərində çox məharətlə oynayan təcrübəli oyunçudur", - Eldar Məmmədov deyir.

O qeyd edir ki, Azərbaycan lideri Aİ ilə münasibətlərdə Rusiyadan asılılığın azaldılmasında köməkçi, Kremllə münasibətlərdə isə sanksiyalar altında təcridin aradan qaldırılmasında tərəfdaş kimi çıxış edir.

Bu il Moskva və Bakı Şimal-Cənub dəhlizinin genişləndirilməsi barədə razılığa gəliblər.

Üçüncü "kozur": yolkəsişməsində ölkə

"Nəqliyyat infrastrukturu yaratmaqla biz qitələri birləşdiririk. Açıq dənizlərə çıxışı olmayan Azərbaycan bu gün dünyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir".

İlham Əliyev, Azərbaycan Prezidenti, 28 may 2018-ci il.

Orta dəhliz (rəsmi adı ilə Transxəzər Nəqliyyat Marşrutu) Azərbaycan ərazisindən keçir və bu marşrutla Çindən Avropaya mallar sanksiyaya məruz qalan İran və Rusiyadan yan keçməklə daşınır.

Ukraynada müharibə başlayandan bu yana onun üzərindən daşımaların həcmi 5 dəfədən çox artıb.

"Avropa İttifaqının Orta Dəhlizi inkişaf etdirmək kimi strateji məqsədi var və bunu Azərbaycansız həyata keçirmək mümkün deyil", - Kirill Krivoşeyev deyir.

Azərbaycan tranzit layihələri ilə bağlı infrastrukturun inkişafına və saxlanmasına milyardlarla dollar xərcləyir.

"Azərbaycan strateji baxımdan mühüm mövqedədir, - PRISM konsaltinq şirkətindən Ben Godwin deyir. - Bu, Xəzər dənizindən keçən yeganə tranzit marşrutdur".

Kor-koranə oyun

"Azərbaycan planlaşdırılmış, əsassız hərbi hücum […] həyata keçirərək, 100 mindən çox etnik ermənini Ermənistana qaçmağa məcbur etdi ki, bu da faktiki olaraq, etnik təmizləmə deməkdir".

Avropa Parlamentinin Qətnaməsi, 24 dekabr 2024-cü il.

Ursula von der Leyenin 2022-ci ildə Bakıya səfəri "Əliyevin əl-qolunu 100 faiz açdı", - Aİ-nin Azərbaycanla yaxınlaşmasını tənqid edən Eldar Məmmədov deyir və əlavə edir ki, Brüssel öz dəyərlərinə "praktiki olaraq havayı" etinasız yanaşıb.

Məsələ ilə bağlı açıq şəkildə şərh verə bilmədiyi üçün adının çəkilməsini istəməyən başqa bir yüksək səviyyəli avropalı diplomat da hesab edir ki, Azərbaycan həqiqətən də vəziyyətdən istifadə edə bilib: "Onlar görürlər ki, bütün tərəflər onlarla dost olmaq istəyir və bundan bacardıqları qədər yararlanırlar".

O, Rusiyanın Ukraynaya genişmiqyaslı müdaxiləsini dönüş məqamı hesab edir, bu isə dünya nizamını sarsıdıb və Bakını Azərbaycan SSR-in tərkibində, əsasən ermənilərdən ibarət olan və ittifaqın dağılmasından az sonra Ermənistanın nəzarətinə keçən Dağlıq Qarabağı güc yolu ilə geri almağa sövq edib.

Diplomatın sözlərinə görə, Azərbaycan hakimiyyəti düşünürdü ki, ola bilsin, onlar "Qərbi satın ala bilərlər, Qərb də onların Dağlıq Qarabağda hərəkətə keçməsinə gözlərini yumar".

Bakı 2023-cü ilin sentyabrında bütün itirilmiş ərazilərini tam şəkildə qaytarıb. Azərbaycan hakimiyyəti etnik təmizləmə ittihamlarını qəti şəkildə rədd edir.

Bəzi avropalı diplomatlar Bakının siyasətini pisləməkdə və siyasi məhbuslara baş çəkməyi tələb etməkdə davam edirlər, lakin bu, "az səmərə verir", adının açıqlanmasını istəməyən Brüsselin siyasətindən xəbərdar olan başqa bir avropalı diplomat deyir: "Baş verənlər bizim heç xoşumuza gəlmir, amma edə biləcəyimiz çox az şey var".

Bu ilin mayında Azərbaycan Bakı metrosunda qraffitilər çəkdiyinə görə məhkum olunmuş fransız rəssam Théo Clerc-i azadlığa buraxıb. Azərbaycan mətbuatı onun Kaja Kallasın şəxsi xahişi ilə buraxıldığını yazıb.

Kallas bunu "sakit diplomatiyanın" nəticəsi adlandırıb və deyib: "Mən xaricdəki vətəndaşlarımızı dəstəkləmək üçün öz işimi etməyə davam edəcəyəm".

Lakin Azərbaycanın öz vətəndaşlarını təqib etməsindən Kallas danışmır - ən azından açıq şəkildə.

İyun ayında yeddi jurnalist yeddi il yarımdan doqquz ilədək müddətə azadlıqdan məhrum edilib.

Onların altısı İlham Əliyevin biznesini araşdıran nəşrdə işləyirdi.

Ermənilərlə yazışdığına görə dövlətə xəyanətdə ittiham olunan gənc alim Bəhruz Səmədova isə iyunun sonunda 15 il həbs cəzası verildi; dostlarının dediyinə görə, Səmədov həbsxanada intihara cəhd edib.

Avropa Komissiyası BBC-nin sorğusuna cavab olaraq bildirib ki, Aİ Azərbaycanda "daralan vətəndaş məkanından" narahatdır və Bakını "fundamental hüquqlarını həyata keçirdiklərinə görə həbs olunanların hamısını azad etməyə" çağırır.

"Aİ ardıcıl olaraq bütün səviyyələrdə həm ictimai, həm də özəl olaraq öz narahatlığını ifadə edib", o cümlədən Kallasın Bakıya səfəri zamanı da, - Komissiyanın sözçüsü əlavə edib.

Əsrin bəhsi

"Ya Rəbb, sən bu dünyanı yaratdın, lakin dərinliklərdə çoxlu neft gizlədərək işin səhv getməsinə yol verdin, amma neft müqaviləsi icad etməklə bizə hər şeyi düzəltmək şansı verdin".

"Bakılı oğlanlar" ŞHK (KVN) komandasının çıxışı, 1995-ci il.

1990-cı illərin əvvəllərində Sovet İttifaqının dağılması və Qarabağ müharibəsi nəticəsində viran qalan Azərbaycan Avropaya neft kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalayaraq, onu "Əsrin müqaviləsi" adlandırdı.

Prezident Heydər Əliyev ölkəyə milyardlarla neft dolları axmağa başlayandan sonra parlaq gələcək vəd etdi.

İyirmi il sonra Heydər Əliyev Mərkəzinin səhnəsində onun oğlu və varisi İlham Əliyev bəyan etdi ki, "Əsrin müqaviləsi" yoxsulluğun və işsizliyin aradan qaldırılmasına və Azərbaycanın əzəmətini möhkəmləndirəcək sonrakı layihələrə milyardlarla vəsait yatırılmasına imkan verib.

Amma bu gün Cənubi Qafqazda azərbaycanlılar ən aşağı maaş alır, quru sərhədləri isə vətəndaşlar üçün bağlıdır - oradan yalnız yük daşına bilər.

Sərhədlər 2020-ci ildə koronavirus pandemiyası səbəbindən bağlanıb və o vaxtdan bəri karantin müddəti mütəmadi olaraq uzadılır.

Gürcüstan və Ermənistanla müqayisədə Azərbaycanda əsas məhsullar üzrə ən yüksək inflyasiya və yaşayış səviyyəsi, savad, təhsil və uzunömürlülüyü nəzərə alan İnsan İnkişafı İndeksi ən aşağı səviyyədədir.

BBC-nin danışdığı yüksək səviyyəli avropalı diplomatın sözlərinə görə, Azərbaycan öz mövqeyindən uzaqgörənliklə istifadə etmir.

"Rusiyalılara Azərbaycan və Xəzər dənizi Şimal-Cənub tranziti yolu ilə Cənubi Qafqaza təsir üçün lazımdır. Avropanın Azərbaycana enerji təchizatı, eləcə də Şərq-Qərb tranziti üçün lazımdır, - diplomat deyir. - Azərbaycan rəhbərliyinin yanaşması qısamüddətli, anlıq düşüncə ilə səciyyələnir: onlar hesab edirlər ki, hamıya qarşı aqressiv davrana bilərlər və tənbehsiz qala bilərlər".

Mayın 16-da, Azərbaycan Prezidentinin Albaniyanın paytaxtında Avropa İttifaqının yüksək vəzifəli şəxsləri ilə görüşdüyü gün Bakı məhkəməsi "Amerikanın səsi" radiosunda çalışan jurnalist Ülviyyə Əlinin barəsində həbs qətimkan tədbiri qərarını dəyişməyib. O, polis bölməsində döyüldüyünü və zorlanmaqla hədələndiyini iddia edib.

Olqa İvşinanın iştirakı ilə*.

*Rusiya hakimiyyəti Olqa İvşinanı "xarici agentlər" reyestrinə daxil edib. BBC bu qərara qəti etiraz edərək məhkəməyə müraciət edib.

*"Amerikanın Səsi" də Rusiya Federasiyasında "xarici agent" elan edilib.

Seçilən
15
bbc.com

1Mənbələr