AZ

Qazaxlar Bakıya niyə axın edib?

Son günlərdə Qazaxıstanlı xanımlar sosial mediada #bakuiscalling trendini yaradıblar. Xüsusilə qazax gəncləri bu çağırışa qoşularaq Bakıya səyahət etdiklərini paylaşırlar. Maraqlıdır, Azərbaycanın paytaxtı Qazaxıstan cəmiyyətində niyə maraq oyadıb? Turizm eksperti Əziz Şiriyev Metbuat.az-a açıqlamasında bildirib ki, hazırda Bakıdan da Qazaxıstana böyük maraq var və aramızda çox yaxşı dostluq münasibətləri, əməkdaşlıqlar mövcuddur: “Qazaxıstan vətəndaşları onsuz da müxtəlif ölkələrə səfər edirdilər, amma son dövrlərdə Azərbaycanın, xüsusilə Bakı şəhərinin diqqətçəkən inkişafı, Qarabağın işğaldan azad olunması, ölkəmizin beynəlxalq miqyasda daha da geniş tanınması sanki Azərbaycanı yenidən bir günəş kimi dünyaya tanıtdı. Bu da yaxın qonşularımızın və dost ölkələrin marağını artırdı. Necə ki, əvvəllər Türkiyədən olan turistlər əsasən Monteneqro, Slovakiya, Sloveniya kimi Avropa ölkələrini seçirdilərsə, bu gün artıq Azərbaycana üstünlük verməyə başlayıblar. Eyni maraq Qazaxıstan, Özbəkistan, Türkmənistan kimi digər yaxın ölkələrdən də müşahidə olunur”. Ekspertin fikrincə, bu tendensiya getdikcə daha da artacaq: “Çünki Azərbaycanın turizm potensialı zəngindir, sadəcə bir qığılcıma ehtiyac vardı və bu da artıq baş verib. İnanırıq ki, yaxın gələcəkdə nəinki Qazaxıstandan, həm də dünyanın bir sıra ölkələrindən, xüsusən də Çindən ölkəmizə xeyli sayda turist axını müşahidə olunacaq”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
metbuat.az

1Mənbələr