MOSSAD və ona bağlı qurumların 20 casusu, əməliyyatçısı və köməkçi agenti müəyyən edilərək həbs edilib. Rejimin 12 günlük müharibə zamanı ölkənin 23 rəsmisinə sui-qəsd etmək planı ifşa edilib və qarşısı alınıb. Həmçinin müharibədən əvvəlki son aylarda 13 analoji sui-qəsdin qarşısı alınıb.
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, İranın Kəşfiyyat Nazirliyinin 12 günlük müharibə ilə bağlı yaydığı bəyanatda belə deyilir.
“MOSSAD-ın başçılıq etdiyi monarxist müxalifət qüvvələri küçələrdə iğtişaşlar törətməyi planlaşdırırdı. Bu ssenarinin qarşısı 23 əyalətdə 122 agentin həbsi ilə alınıb. Xaricdə təlim keçmiş 53 agent həbs edilib, onların bazaları müəyyən edilib, silah-sursat götürülüb, qruplaşma zərərsizləşdirilib.
98 əməliyyatçı saxlanılıb və ya təhlükəsizlik qüvvələrinə çağırılıb.
Kürdüstana gedən 6 əsas silah partiyası və terror qruplaşmasının İraq Kürdüstanındakı hərbi qanadının logistika şəbəkəsi uğurla məhv edilib”, - nazirlik qeyd edib.