AZ

Məhkəmə vergi ödəməkdən yayınan şirkət rəhbəri ilə bağlı qərar çıxardı

Ali Məhkəmədə vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınmada təqsirləndirilən Şəmsəddin Muradovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi, Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilib. Məhkumun müdafiəçisinin isə kassasiya şikayəti təmin olunmayıb. Şəmsəddin Muradovun barəsində Şəki Apellyasiya Məhkəməsinin 19 noyabr 2024-cü il tarixli qərarı ləğv edilib və cinayət işinin apellyasiya instansiyası məhkəməsində yenidən baxılması qərara alınıb.

 

İttihama görə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan Şəmsəddin Muradovun Yevlax rayonu ərazisində şirkəti fəaliyyət göstərir. Təqsirləndirilən şəxs də Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınıb.  

 

O, Vergi Məcəlləsinin müvafiq maddələrinin tələblərini pozaraq, ümumilikdə 138 638,86 manat məbləğində vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsinə ödəməkdən yayınıb.

 

Yevlax Rayon Məhkəməsinin hökmü ilə Şəmsəddin Muradovun 1 il müddətinə dövlət, bələdiyyə və yerli özünü idarə etmə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə, aylıq qazancının 20%-i dövlət nəfinə tutulmaqla 2 il müddətinə islah işləri cəzasına məhkum edilib. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 11 saylı Ərazi Vergilər Baş İdarəsinin Şəmsəddin Muradova qarşı 138 638.86 məbləğində pul vəsaitinin dövlət büdcəsinin xeyrinə tutulması tələbinə dair mülki iddiası qismən təmin olunub. Məhkumdan 55.519,72 məbləğində pul vəsaitinin dövlət büdcəsinin xeyrinə tutulması hökm edilib.

 

Kamal Məmmədov

 

Tarix: 29 İyul 2025, 08:06   
Seçilən
30
pravda.az

1Mənbələr