AZ

Qocalma prosesi 50 yaşdan sonra sürətlənir və müxtəlif orqanlarda fərqli cərəyan edir - TƏDQİQAT

Bakı, 29 iyul, AZƏRTAC

Yeni dərc olunmuş elmi araşdırma qocalmanın insan bədənində sabit bir proses olmadığını, əksinə, müəyyən yaş dövrlərində, xüsusilə də 50 yaşdan sonra sürətləndiyini ortaya qoyur. Bu nəticələr yaşlanma prosesini zülalların ifadə səviyyəsində araşdırmaqla əldə edilib.

AZƏRTAC “Nature” jurnalına istinadla xəbər verir ki, Pekindəki Çin Elmlər Akademiyasının regenerativ təbabət üzrə mütəxəssisi Quanqxui Liu və onun tədqiqat komandası, beyin zədəsi səbəbilə həyatını itirmiş 14-68 yaş aralığında olan 76 Çin əsilli şəxsdən alınmış toxuma nümunələrini təhlil edib. Bu nümunələr bədənin səkkiz əsas sistemini, ürək-damar, immun, həzm və s. təmsil edən orqanlardan götürülüb.

Tədqiqat zamanı bu toxumalarda ifadə olunan zülalların miqdar və növlərində yaşla bağlı dəyişikliklər araşdırılıb. Alimlər 48 müxtəlif xəstəliklə əlaqəli zülalın ifadəsində yaşa bağlı artım müşahidə ediblər. Ən erkən dəyişikliklər isə təxminən 30 yaşında, hormonların istehsalında mühüm rol oynayan böyrəküstü vəzilərdə qeydə alınıb. Əsas dönüş nöqtəsi isə 45-55 yaş aralığında baş verib. Bu dövrdə zülal səviyyələrində kəskin dəyişikliklər müşahidə olunub. Ən diqqətçəkən dəyişikliklər bədənin əsas arteriyası olan aortada aşkar edilib. Bu, oksigenlə zəngin qanı ürəkdən bədənə daşıyan əsas damardır. Tədqiqatın nəticələri göstərir ki, bəzi toxumalar, xüsusilə damar sistemi, digərlərindən daha sürətlə qocalır. Kaliforniya ştatında yerləşən Stanford Universiteti Tibb Fakültəsinin genetiki Maykl Snayder bu tapıntıların əvvəlki elmi nəticələrlə uyğun olduğunu bildirir: “Bu nəticələr hormonal və metabolik nəzarətin yaşlanma prosesində əsas rol oynadığı fikrini gücləndirir. İnsan yaşlandıqca ən dərin dəyişikliklər bu sistemlərdə baş verir”.

Almaniyanın Yena şəhərində yerləşən Leibniz Yaşlanma İnstitutunun (Fritz Lipmann İnstitutu) tədqiqatçısı Maya Oleçka qeyd edir ki, bu tapıntılar çox vacib olsa da, 50 yaşın “kritik hədd” kimi qəbul olunması üçün daha geniş miqyaslı araşdırmalara ehtiyac var. “Yaşla bağlı dəyişikliklər müəyyən “dalğalar” şəklində baş verir”, – deyə o bildirir.

Nəticə olaraq, bu araşdırma qocalma prosesinin sadə və sabit bir xətt üzrə getmədiyini, müxtəlif toxuma və orqanlarda fərqli zamanlarda və fərqli sürətlə baş verdiyini göstərir. 50 yaş ətrafı isə bu prosesin sürətləndiyi kritik bir dövr kimi bildirilir. Bu cür məlumatlar gələcəkdə fərdi və sistem əsaslı anti-aging müdaxilələrinin inkişaf etdirilməsində mühüm rol oynaya bilər.

Seçilən
15
azertag.az

1Mənbələr