AZ

Ermənistan hərbçiləri verdikləri işgəncələrə, vurduqları zərərə görə ittiham edilirlər

Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə, müharibə və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 28-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş şəxs Tahir Mahmudov 2021-ci il iyulun 21-də Xocalı rayonunda mina partlaması nəticəsində ağır xəsarət aldığını bildirib. Cümşüd Qəhrəmanov deyib ki, yaşadığı Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin 2020-ci ildə Vətən müharibəsi zamanı artilleriya atəşinə tutulması nəticəsində evinə zərər dəyib, heyvanları tələf olub. Hilal Həziyev isə Cocuq Mərcanlı kəndində üz nahiyəsindən qəlpə xəsarəti aldığını söyləyib.

Güloğlan Mirzəliyev 2021-ci ilin fevral ayında Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində minaya düşərək xəsarət aldığını bildirib. Ramil Fərhadov Cocuq Mərcanlı kəndində yaşadığı evə mərmi düşdüyünü söyləyib. Zərərçəkmiş bildirib ki, Cocuq Mərcanlı kəndində Azərbaycan Ordusunun heç bir silahlı birləşməsi olmayıb, kənddən Ermənistan silahlı qüvvələrinə qarşı atəş açılmayıb.

Elnur Əmiraslanov 2018-ci ildə Tərtərdə hərbi xidmətdə olarkən Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində güllə yarası aldığını deyib. Mirhəsən Hüseynov Vətən müharibəsi zamanı oktyabrın 26-da Laçın istiqamətində artilleriya atəşi nəticəsində qəlpə yarası aldığını bildirib.

Aqşin Hüseynov 1992-ci il iyunun 8-də Qazax rayonunun Qızılhacılı kəndində döyüşlər zamanı qarşı tərəfdən atılmış minaatan mərmisinin partlaması nəticəsində yaralandığını bildirib. Kamil Hüseynov Vətən müharibəsi zamanı - 2020-ci il sentyabrın 28-də Tərtərin Çaylı kəndi istiqamətində güllə yarası aldığını bildirib. Pərviz Nəcəfov ifadəsində 2022-ci il oktyabrın 8-də Ağdamda yolda şirkət əməkdaşı qismində çalışan zaman piyadaəleyhinə minaya düşərək xəsarət aldığını bildirib.

Bəxtiyar Məmmədov 1993-cü ilin may ayında Ağdam rayonunun Qalayçılar kəndində əsir götürüldüyünü söyləyib. O, əsirlikdə üç il saxlanılıb. Əsirlik müddətində, həmçinin qəddar və qeyri-insani rəftara, müxtəlif işgəncələrə məruz qalıb.

Sabir Haqverdiyev, İdyal Allahverdiyev, Murad Bənnayev, Özal İsmayılov, Ramin Əfəndiyev, Orxan Salıfov, Ağasif Həmidov, Hüseyn Cavadov, Pərviz Həsənov ifadələrində 2020-ci ildə baş vermiş Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.

Zərərçəkmiş şəxs Amin Musayev 2020-ci ildə Vətən müharibəsi zamanı güllə yarası aldığını, yaralı vəziyyətdə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü, əsirlik müddətində hər gün işgəncələrə məruz qaldığını bildirib. Xəyal Məmmədov 2022-ci il sentyabrın 12-də Xocavənddə Ermənistan silahlı qüvvələrinin qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını bildirib.

Emin Quşçiyev ifadəsində 2023-cü il mayın 10-da Kəlbəcərdə Ermənistandan açılmış atəş nəticəsində yaralandığını söyləyib. Bəkir Kərimov 1992-ci il martın 24-də Ağstafa rayonunda alma bağında işlədiyi zaman girov götürüldüyünü söyləyib. Həmin vaxt onunla birlikdə daha beş nəfər azərbaycanlı girov götürülüb. Əvvəlcə Berd rayonuna, sonra isə İrəvan şəhərinə aparılıblar. Onlar döyülüb, söyülüb, işgəncələrə məruz qalıblar.

Həsən Həsənov ifadəsində B.Kərimovla birlikdə girov götürüldüyünü, bir həftə sonra girovluqdan azad olunduğunu söyləyib. Məhəmməd Bayramov B.Kərimov və H.Həsənovla birlikdə girov götürüldüyünü söyləyib. Bildirib ki, girovluqda olduğu vaxt Ermənistan hərbçisi qulağının bir hissəsini bıçaqla kəsərək qoparıb.

Sahib Bağırov ifadəsində 1995-ci ildə Ermənistan silahlı qüvvələri tərəfindən əsir götürüldüyünü bildirib. Əsirlikdə döyülüb, işgəncələrə məruz qalıb. Mülki şəxslər - Fuad Qurbanlı, Elnur Zülfüqarov, Qurban Qurbanov, İlham Əhmədov, Samir Qasımov, Fəqan Mustafayev, Nicat Baxışov ifadələrində Vətən müharibəsi zamanı oktyabrın 28-də Ermənistan silahlı qüvvələrinin Bərdə rayonuna raket atması nəticəsində yaralandıqlarını deyiblər.

Əlyar Ocaqverdiyev iki dəfə - 2020-ci il dekabrın 13-də və 2021-ci il yanvarın 13-də mina partlaması nəticəsində xəsarət aldığını bildirib. Ağa Səfərəliyev 1993-cü ildə, Faiq Namazov 1992-ci ildə Azərbaycanın suveren əraziləri uğrunda gedən döyüşlər zamanı düşmən tərəfdən atılan atəşlər nəticəsində xəsarət aldıqlarını söyləyiblər. Seymur Məmmədov Vətən müharibəsi zamanı sentyabrın 28-də Ermənistan silahlı qüvvələrinin açdığı artilleriya atəşi nəticəsində yaralandığını söyləyib. Hadisə zamanı yanında olan Xaliq və Elşən Abbasov qardaşları həlak olub, Faiq Mahmudov isə yaralanıb.

Əsəd Rüstəmov ifadəsində 2016-cı il martın 19-da Tərtər rayonunun Qapanlı kəndində mülki şəxs qismində avtomobillə gedərkən Ermənistan silahlı qüvvələrinin atəşi nəticəsində güllə yarası aldığını söyləyib. Zərərçəkmiş şəxslər - Sabir Lətifov Xocavənd, Oruc Rüstəmov Cəbrayıl, Təzəgül Həmzəyeva Zəngilan, Sarı Baxışov Kəlbəcər rayonundan məcburi köçkün düşdüklərini, evlərinin, mülklərinin həmin vaxt Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdə qaldığını bildiriblər.

Zərərçəkmişlər təqsirləndirilən şəxslərin, onların müdafiəçilərinin və özlərinin nümayəndələrinin suallarını da cavablandırıblar.

Məhkəmə prosesi iyulun 31-də davam etdiriləcək.

XQ

Seçilən
27
49
xalqqazeti.az

10Mənbələr