AZ

® Həkimlərimizi tanıyın!

Mərkəzi Gömrük Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi, uzman uşaq cərrahı Vüsal Cəfərovu təqdim edirik. O, yüksək ixtisası, beynəlxalq təcrübəsi, diqqətli yanaşması və insani münasibəti ilə valideynlərin və balaca pasiyentlərin inamımını qazanıb.

Təhsilə və inkişafa sadiq yol

O, 2009-cu ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsini bitirib, 2011-2016-cı illərdə Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin Uşaq Cərrahiyyəsi və Uşaq Urologiyası bölməsində uzmanlıq təhsili alıb. Bu illər ərzində qazandığı bilik və bacarıqlar onun Azərbaycanda uşaq cərrahiyyəsi sahəsində qabaqcıl mütəxəssislərdən birinə çevrilməsinə zəmin yaradıb. 2014-cü ildən etibarən Mərkəzi Gömrük Hospitalında uşaq cərrahı və uşaq uroloqu kimi çalışır, 2022-ci ildən Uşaq Cərrahiyyəsi şöbəsinin rəisi kimi fəaliyyət göstərir.

Peşəkar fəaliyyət – uşaqlara böyük qayğı

O, anadangəlmə inkişaf qüsurları, həzm və sidik-cinsiyyət sistemi anomaliyaları, diafraqma yırtıqları, qida borusu və bağırsaq atreziyaları, Hirşprung xəstəliyi, mekonium keçməməzliyi, nekrotizian enterokolit, pilor stenozu, bağırsaq burulmaları, uşaqlarda yırtıqlar və travmalar daxil olmaqla, çoxsaylı mürəkkəb xəstəliklərin cərrahi müalicəsini həyata keçirir. Onun fəaliyyəti həm də təcili tibbi halların – appendisit, yad cismin udulması və ya tənəffüs yollarına düşməsi, xaya və yumurtalıq burulmaları, boğulmuş yırtıqların operativ müdaxilə ilə müalicəsini də əhatə edir.

Elm, beynəlxalq təcrübə və innovasiya

Cərrah Vüsal Cəfərov öz sahəsinin yeniliklərini daim izləyir, biliklərini beynəlxalq konfrans və elmi tədbirlərdə təkmilləşdirir. O, 2016-cı ildə Şimali Kiprdə, 2018-ci ildə İzmirdə, 2019-cu ildə Dohada, 2021-ci ildə İstanbulda və 2022-ci ildə Praqada keçirilən beynəlxalq uşaq cərrahiyyəsi konqreslərində iştirak edib. Həmçinin 2023-cü ildə Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin təşkilatçılığı ilə Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü və həmin dərnəyin 40-cı ildönümünə həsr olunmuş 40-cı Milli Uşaq Cərrahiyyəsi Konqresinin iştirakçısıdır. 2025-ci ildə Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin təşkil etdiyi Avropa Uşaq Cərrahiyyəsi “Board” imtahanını uğurla keçərək beynəlxalq səviyyədə tanınan sertifikata layiq görülüb.

Onun elmi fəaliyyəti də diqqətəlayiqdir. “Xayanın xayalıqdan kənar yerləşməsi” adlı məqaləsi 2019-cu ildə “Elsevier” nəşriyyatına daxil olan “Journal of Pediatric Surgery Case Reports” jurnalında dərc olunub.

Beynəlxalq təşkilatlar və yerli uğur

Türk Təbiblər Birliyinin, Türkiyə Uşaq Cərrahiyyəsi Dərnəyinin, Türk Hipospadiya Dərnəyinin və Avropa Uşaq Cərrahiyyəsi Cəmiyyətinin üzvüdür. 2025-ci ildə Gömrük işini aparan İcra Hakimiyyəti Orqanının Fəxri Fərmanı ilə təltif olunub.

Balaca ürəklərə böyük sevgi

Həkimin uşaqlara olan münasibəti, empatiya və diqqəti onu fərqləndirir. Onun qəbuluna gələn hər bir ailə öz uşağının sağlamlığını etibar edə biləcəyi bacarıqlı, xeyirxah və şəfalı əllərə sahib olan həkimlə qarşılaşır. Həkimə yönələn minnətdarlıq dolu baxışlar, valideynlərin rahat nəfəsi və uşaqların yenidən gülümsəyən siması onun fəaliyyətinin ən böyük qiymətidir.

Uşaq cərrahı Vüsal Cəfərovun qəbuluna yazılmaq üçün: (012) 404-08-08

Daha ətraflı məlumat üçün: https://customshospital.az/vusal-ceferov/

Mərkəzi Gömrük Hospitalının

PR mütəxəssisi Dilarə Zamanova

Seçilən
11
2
azertag.az

3Mənbələr