AZ

Sülhə“konqres maneəsi”

Xaricdəki erməni lobbisinə bağlı olan dairələr təxminən otuz ili əhatə edən işğal dövründə, postmüharibə mərhələsində dəfələrlə Azərbaycana qarşı qərəzli kampaniyalar təşkil ediblər, ayrı-ayrı Avropa və ABŞ təsisatlarında  ölkəmiz əleyhinə həqiqətdən uzaq qətnamələr qəbul edilməsinə nail olublar. Onlar öz çirkin fəaliyyətlərini yenə də davam etdirirlər. Erməni lobbisinin anti-Azərbaycan kampaniyası səngimir.Yenə də Avropada, Amerika Birləşmiş Ştatlarında ələbaxan konqresmenlər, senatorlar, diplomatlar pulla ələ alınırlar. Geniş imkanlara, maliyyə qaynaqlarına malik olan erməni lobbisi onlara qrantlar, bahalı hədiyyələr müqabilində sifarişlər verir və Azərbaycan əleyhinə fəaliyyətlərə sövq edir.

87 konqresmen Trampın sülh çağırışına qarşı Konqresmenlər sülh prosesini pozmağa səfərbər ediliblər

Azərbaycanın 44 günlük müharibədə və 23 saatlıq lokal xarakterli antiterror tədbirlərində qazandığı parlaq qələbələr Cənubi Qafqaz regionunda sülh, təhlükəsizlik və əməkdaşlıq üçün yeni fürsətlər açıb. Regionun gələcəyi üçün bu fürsətlər şans kimi dəyərləndir??məli və istifadə olunmalıdır. Qalib Azərbaycan məhz buna çalışır. Ölkəmizin təşəbbüsü ilə postmüharibə dövründə sülh prosesinə start verilib. Başlanğıcda bu proses çox ləng gedirdi ki, bunun da əsas səbəbi Ermənistanda revanşist qüvvələrin mövcud olması, həmçinin Nikol Paşinyan iqtidarının zaman-zaman manipulyasiyalara əl atması idi. Həmçinin xaricdəki bəzi qüvvələr, regionda marağı olan ayrı-ayrı güc mərkəzləri də Ermənistan rəhbərliyinə təzyiq göstərməklə N.Paşinyan komandasını tənzimləmə prosesindən məsafədə dayanmağa məcbur edirdi. Ancaq Azərbaycanın davamlı səyləri sayəsində regionda maraqlarını təmin etməyə çalışan vasitəçilər sülh prosesindən kənarlaşdırılıblar. Artıq xeyli müddətdir ki, danışıqlar, müzakirələr ikitərəfli formatda aparılır. Nəticələr, əldə olunan razılaşmalar ikitərəfli formatın ən doğru seçim olduğunu təsdiqləyir. Xatırladaq ki, ikitərəfli formatda aparılan danışıqların nəticəsi olaraq sərhədlərin bir hissəsi delimitasiya və demarkasiya olunub, həmçinin böyük sülh sazişi üzrə bütün bəndlər razılaşdırlıb. Bir qədər bundan əvvəl Azərbaycanın və Ermənistanın liderləri Əbu-Dabidə bir araya gəldilər. Bütün bunlar ikitərəfli formatın nə qədər səmərəli olduğunu əyani şəkildə təsdiqləyir. Hazırda onilliklər ərzində qarşıdurmada olan Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. İndiki mərhələdə Ermənistan Azərbaycanın iki haqlı tələbini yerinə yetirməlidir. Rəsmi İrəvan həm ölkəmizə qarşı ərazi iddialarını özündə ehtiva edən müddəaların yer aldığı konstitusiyanı dəyişməlidir, həm də de-fakto mövcud olmayan Minsk qrupunun de-yure də ləğv edilməsinə razılığını bildirməlidir. Bu iki tələb yerinə yetirildikdən sonra sülh prosesində bütün maneələr aradan qalxmış olacaq.  


Təbii ki, xarici güclər, o cümlədən də erməni lobbisi proseslərin onların nəzarətindən çıxması ilə barışa bilmirlər. Bunun təsdiqi olaraq Birləşmiş Ştatlardakı erməni lobbisi növbəti dəfə yemlədikləri konqresmenləri Azərbaycanla Ermənistan arasında sülh prosesini pozmaq üçün səfərbər edib. İddialara görə, 87 konqresmen ABŞ Prezidenti Donald Trampın administrasiyasına müraciət edib. Onlar Ağ Evin mövqeyinə zidd çıxaraq Qarabağı könüllü tərk edən ermənilərin bölgəyə qayıtmasına dəstək verilməsinə çağırıblar.
Təzada bir baxın. Otuz il ərzində region təhdid altında saxlayan münaqişə həllini tapıb və artıq keçmişdə qalıb. Qarabağdan bir erməni ailəsi belə zorla çıxarılmayıb. Bu gün Ermənistan rəhbərliyi Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Buradan gedən ermənilərin geri qaytarılması ilə bağlı hər hansı bir masada müzakirələr aparılmır. Belə olan halda amerikalı konqresmenlərin artıq keçmiş olan bir məsələni yenidən gündəmə gətirmək istəklərinin məntiqi əsla başa düşülmür. Hər iki palatadan olan konqresmenlərin imzaladığı “sənəd” Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabi görüşünün nəticələrini heçə endirməyə yönəlib. Görünən odur ki, erməni lobbisini həm Azərbaycanın, həm də Ermənistanın Əbu-Dabi danışıqlarından razılıqla ayrılması və bundan sonra tərəflərin vasitəçiyə ehtiyacı olmadığını bildirmələri narahat edib.


Bəs siyahıda kimlərin adları var? Bu dəfə də siyahıdan bədnam xorun eyni üzvlərinin adları keçir - Frenk Pallone, Qas Bilirakis, Bred Şerman və Devid Valadaon. Bu adların hər biri Azərbaycana və Türkiyəyə yaxşı tanışdır. Onlar erməni lobbisinin bütün anti-Azərbaycan təşəbbüs və təbliğat kampaniyalarında öndə gediblər. Onlar Azərbaycan torpaqlarının işğal altında olduğu illərdə ikili standartlardan çıxış etməklə Ermənistana dəstək göstərirdilər, ilhaqa, təcavüzə özlərisayağı haqq qazandırırdılar, indi fərqli mövqedədirlər, valın üzünü dəyişiblər. Hazırda onları əndişələndirən əsas məsələlərdən biri Ermənistan hakimiyyətinin bölgədə sülh təşəbbüslərinə qoşulmasıdır. Halbuki, Ermənistan rəhbərliyinin Azərbaycanın sülh təşəbbüsünə qoşulmaqdan başqa çarəsi yoxdur. Əks halda bu ölkəni daha böyük fəlakət gözləyir, hətta Ermənistanın olmayan dövlətçiliyini tam itirməsi, vassala çevrilməsi perspektivi də tam realdır. Bunu dəyərləndirən N.Paşinyan iqtidarı ikitərəfli formatda danışıqların aparılmasına razılığını bildirib.
Məlumdur ki, Ermənistanla Azərbaycan arasında sülh prosesinə, bölgədə əmin-amanlığa qarşı çıxan əsas iki qüvvə - erməni lobbisi və erməni kilsəsi olub. Azərbaycanafob ideyalar kilsədə hazırlanaraq Ermənistan cəmiyyətinə ötürülüb. Kilsə tarix boyunca ermənilərdə Azərbaycana və Türkiyəyə qarşı nifrət aşılayıb. Erməni lobbisi də bu zərərli ideyaların həyata keçməsinə maliyyə dəstəyi göstərib. Həqiqətləri dərk edən Baş nazir N.Paşinyan indi bu qüvvələrə qarşı total mübarizəyə start verib. N.Paşinyan həm kilsənin, həm də erməni lobbisinin Ermənistan cəmiyyətinə təsirlərini azaltmaq üçün hücuma keçib. Erməni diasporu həmişə Ermənistanı müharibəyə sürükləyib, bunun üçün maliyyə və siyasi dəstək verib. Bunu da ilk başa düşən Paşinyan olub və o, xalqını bu həqiqəti başa düşməyə hazırlayır.Artıq erməni mifləri bir-birinin ardınca dağılır.


907-ci düzəlişi qəbul etdirənlərin sələfləri

Bədnam konqresmenlərin dosyesi çirkin əməllərlə zəngindir. Azərbaycana qarşı antipatiyasını heç vaxt gizlətməyən, ölkəmizi bütün ağılasığmaz günahlarda ittiham etməyi sevən Pallonenin erməni lobbisindən maliyyə dəstəyi aldığı gizli bir məsələ deyil. Bunu həm Ermənistanda, həm də ABŞ-da yaxşı bilirlər. Pallone ABŞ Konqresinin irqçi düşüncəli, korrupsiyaya uğramış üzvü kimi tanınır. O, COP29-da iştirak üçün Azərbaycana səfəri zamanı ölkəmizə böhtanlar atmağa çalışması ilə yadda qalmışdı. Bu şəxs onilliklərdir ki, erməni lobbisi ilə qeyri-şəffaf əlaqələr quraraq Azərbaycana və regionda sülhün bərqərar olunmasına qarşı sistematik fəaliyyət göstərib. Sözügedən konqresmen Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü, azərbaycanlılara qarşı etnik təmizləmə, soyqırımı, kütləvi qətliam, mədəni irsin dağıdılması kimi cinayətlərini dəstəkləyib, azərbaycanlılara qarşı etnik və dini əsaslı nifrət çağırışları edib.
ABŞ-da belə bədnam konqresmenlər çoxdur. Adam Şiff adlı konqresmen də onların sırasında yer alır. O da zaman-zaman işğalçı Ermənistanı dəstəkləyən çağırışlarla gündəmə gəlib. Son olaraq isə bu konqresmen dövlət katibinə “Dağlıq Qarabağda nəsli kəsilməkdə olan erməni irsini qorumaq lazımdır” məzmunlu məktub ünvanlayıb...


Anti-Azərbaycan əleyhinə kampaniyalarda yer alan bədnam konqresmenlər həmçinin ABŞ qanunlarını pozmaları ilə də, necə deyərlər, ad çıxarıblar. Xatırladaq ki, bir qədər bundan əvvəl D.Tramp “Truth” sosial şəbəkəsindəki paylaşımında Kaliforniyadan seçilmiş konqresmen Adam Şiffi maliyyə fırıldağında ittiham edib. Tramp bildirib ki, Şiff ipoteka fırıldağı ilə ABŞ-ı aldadıb.
“Adam Şiffin fırıldaqçı olduğunu hər zaman düşünmüşdüm. İndi isə öyrəndim ki, ‘Fannie Mae’ maliyyə cinayətləri bölməsi onun mümkün ipoteka fırıldağı ilə məşğul olduğunu müəyyən edib. O, Merilenddə əsas yaşayış ünvanı göstərməklə daha ucuz ipoteka əldə etməyə çalışıb və bununla Amerikanı talayıb. Halbuki o, Kaliforniyada yaşamalıdır, çünki oradan konqresmen seçilib”, -deyə Tramp qeyd edib.
Tramp vurğulayıb ki, ipoteka fırıldağı ciddi cinayətdir və indi senator olan Adam Şiff bu əməlinə görə məsuliyyət daşımalıdır.
Bəli, naxələf elə hər yerdə naxələfdir. Belələrinin milli kimliyi olmur. Onlar pula, maddi maraqlara satılanlardırlar. Pallonelər, adam şifflər xələflərinin əməllərini davam etdirirlər. Onlar 1992-ci ildə Azərbaycana qarşı 907-ci düzəlişi qəbul edənlərin sələfləridirlər.  Xələfləri o vaxt Ermənistanın işğalçılıq siyasətini dəstəkləməklə qanlı müharibəyə rəvac vermişdilər. Bu gün də eyni qüvvələr münaqişənin bərpası və sülhə imkan verilməməsi üçün çalışırlar.

Trampın Cənubi Qafqazda sülh prosesinə töhfə vermək planlarına açıq təhdid

Baş verənlərdən o qənaət hasil olur ki, erməni lobbisi üçün ABŞ Prezidenti Donald Tramp ən ciddi təhlükə kimi görülür. Xəbər verildiyi kimi, Tramp Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşıb. Dövlət başçısı İlham Əliyev də öz növbəsində Donald Trampa təşəkkürünü bildirib.
Azərbaycan Prezidenti III Şuşa Qlobal Media Forumunda Donald Tramp haqqında çox müsbət fikirlər səsləndirib.  Onun ifadə etdiyi fikirlər Azərbaycanın ABŞ ilə tərəfdaşlığa verdiyi önəmin göstəricisidir. Yeri gəlmişkən, Tramp da ilk dəfə idi ki, Cənubi Qafqaz ölkəsinin bir liderinin çıxışını özünün sosial şəbəkə hesabında paylaşırdı. Bu münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğundan xəbər verir. Xatırladaq ki, D.Tramp ilk prezidentliyi dövründə də Ermənistan-Azərbaycan münaqişəsinə neytral yanaşma sərgiləyib, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın öz ərazilərini azad etməsinə qarşı çıxmayıb. Bu da erməni lobbisinin narazılığına səbəb olub.
Beləliklə, ermənipərəsət konqresmenlərin bəyanatı, ilk növbədə, Prezident Trampın Cənubi Qafqazda sülhə töhfə vermək planlarına təhdiddir. Hədəf isə bəllidir - yenidən münaqişəni alovlandırmaq, Trampın dəstək verdiyi sülh gündəliyinə pəl vurmaq. Ancaq bədxahlar xəbis niyyətlərini gerçəkləşdirə bilməyəcəklər. Artıq onların qatarı gedib. Regionda sülh prosesi dönməzdir.


Mübariz FEYİZLİ

Seçilən
3
yeniazerbaycan.com

1Mənbələr