AZ

İlk 1 saat həyati əhəmiyyət daşıyır: İlan sancmasından sonra ayaq kəsilə bilər

Yay aylarında ilan təhlükəsi artır, bəzi bölgələr daha risklidir
 

 Yay aylarında insanların qarşılaşdığı təhlükələrdən biri də ilan sancmasıdır. Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi aprel ayından bu günə qədər Naxçıvanda ilan sancması ilə bağlı qeydə alınan faktların statistikasını açıqlayıb.
İlan sancması diaqnozu ilə ümumilikdə 43 nəfər müraciət edib.
Həmçinin, qeyd olunan müddətdə əqrəb sancması diaqnozu ilə 137 nəfər, qara əqrəb sancması diaqnozu ilə 7 nəfər, gün vurma diaqnozu ilə isə 6 nəfər xəstəxanalara müraciət edib.
Ekoaktivist Zülfü Fərəclinin sözlərinə görə, ilan sancmaları bəzi hallarda həyati risk daşısa da, düzgün ilkin yardım və vaxtında tibbi müdaxilə ilə təhlükəni minimuma endirmək mümkündür: “Hər il yay aylarında ölkəmizdə ilan və əqrəb sancmaları artır. Qeyd edim ki, ölkəmizdə mövcud olan 29 ilan növündən yalnız 7-nin zəhəri həyati risk təşkil edə bilir ki, bu növlərin hamısı gürzələr fəsiləsinə daxildir.
Müxtəlif növlərin zəhərləri müxtəlif tərkibə sahib olduğu kimi, eyni növün müxtəlif fərdlərinin zəhərlərinin tərkibindəki maddələr də ilanın qidasından, yaşadığı yerdən, iqlim şəraitindən və ilanın yaşından asılı olaraq fərqliliklər göstərə bilir. Məsələ burasındadır ki, bir çox zəhərsiz ilan növü yırtıcılardan qorunmaq üçün öz naxışları və hərəkətləri ilə gürzə növlərini təqlid edirlər (mimikriya). Bu da bir çox insanı çaşdırır və onlar zəhərsiz ilan növlərini gürzəyə bənzədir və çox vaxt öldürürlər.
Ölkəmizdə yaşayan ilan növlərinin çoxu təhlükəsiz olduğu üçün, həmçinin zəhərli növlərin əksəriyyəti nadir növlər olduğundan təhlükəli ilan növü ilə qarşılaşma ehtimalınız çox azdır. Buna baxmayaraq, zəhər baxımdan ölkəmizdəki ən təhlükəli növ hesab olunan və geniş yayılan ilan xalq arasında səhvən Qafqaz gürzəsi adlandırılan (Qafqaz gürzəsi adlanan növə, yəni Vipera kaznakovi-yə ölkəmizdə rast gəlinmir), əsl adı Livan gürzəsi və ya nəhəng gürzə (lat. Macrovipera lebetina) olan növdür. Bu növ istisna olmaqla insanların əsasən qarşılaşdıqları və təəssüf ki, öldürdükləri növlər müxtəlif su ilanları və təlxə növləri olur. Gürzələri digər (təhlükəsiz) ilanlardan ayırmanın müxtəlif üsulları vardır. İnternetdə başın formasının üçbucaq olması qeyd olunsa da, bu, düzgün məlumat deyil. Əksinə, zəhərsiz olan ilan növlərinin bir çoxunun (xüsusən təlxələrin) başı ücbucaq olur. Gürzələrin bədəni daha enli və qısaölçülü olur. Fikrimcə, ən əsas ayırma üsulu quyruğun uzunluğudur. Gürzələrdə quyruq olduqca qısa və küt uclu olur. Zəhərsiz, yarızəhərli ilanlarda isə quyruq uzun və nazik olur. Məhz buna görə də aid olduqları Suilanları fəsiləsinin latınca adı “qamçı” sözündəndir (uzun quyraqları qamçıya bənzədiyi üçün bu ad verilib). Əlavə olaraq gürzələrin gözü elliptik (şaquli) olub, burunlu göz arasında çuxur (istilik sensoru) yerləşir”.
Aparılan araşdırmalara istinad edən ekoaktivist qeyd edib ki, ölkəmizdə 7 növ əqrəb qeydə alınıb və bu növlər arasında ən təhlükəli olanı qara əqrəbdir: “Ölkəmizin ən təhlükəli növü olan qara əqrəbə yalnız Muxtar Respublikada rast gəlmək olur. Ölçüsünə görə iri olan əlvan Qafqaz əqrəbi (sarı əqrəb) də yalnız Naxçıvanda qeydə alınıb. Əlbəttə, zəhərin təsiri sancılan insanın yaşından, sağlamlıq vəziyyətindən, sancmanın olduğu yerdən (ürəyə yaxınlıq) asılıdır. Qocalar və uşaqlar əqrəb sancmasına daha həssasdırlar. Əqrəb sancmalarının böyük əksəriyyəti ehtiyatsızlıqdan baş verir. Yəni əqrəbi görmədən tapdaladıqda və ya yatarkən əzdikdə insanları sancır. Əqrəb sancdıqda yaranı suyla təmizləməli, sancılan yerə buz qoymalı (ağrını azaltmaq üçün), sonra isə xəstəxanaya müraciət edilməlidir. Yaranı deşmək, sormaq qətiyyən olmaz. Növündən aslı olmayaraq istənilən əqrəb sancması zamanı həkimə müraciət edilməlidir”.

Həkim Toğrul Məmmədli isə Sherg.az-a açıqlamasında qeyd edib ki, ilan və əqrəb sancması onların növündən və pasiyentin xüsusiyyətlərindən asılıdır. Onun sözlərinə görə, Azərbaycanda ən çox kliniki əhəmiyyət kəsb edən ilan növləri gürzələrdir. Yayılmasına, zəhərinin təsirinə və miqdarına görə ən vacib bioloji növ nəhəng gürzədir: 

“İlan sancması insan orqanizmi üçün potensial təhlükəli vəziyyətlərdən biridir. Zəhərli ilan növünə, zəhərin miqdarına və fərdi xüsusiyyətlərə görə klinik mənzərə yüngül narahatlıqdan həyati təhlükəyə qədər dəyişə bilər. Bu səbəbdən ilan sancmalarında düzgün ilkin yardım və vaxtında peşəkar tibbi müdaxilə həyati əhəmiyyət daşıyır. İlan sancmasından sonra insan orqanizmində bir sıra əlamətlər meydana çıxa bilər. Bu əlamətlər sancma yerində və ya ümumi bədəndə özünü göstərir. Lokal olaraq, yəni sancma yerində güclü ağrı, qızartı, göyərmə və şişkinlik müşahidə oluna bilər. Ümumi simptomlara isə başgicəllənmə, baş ağrısı, qarın ağrısı, ürək döyüntüsünün artması, tez-tez və səthi tənəffüs, nəfəs darlığı, ümumi zəiflik və yuxululuq, ürəkbulanma və qusma, soyuq tər və üşütmə, eləcə də qan laxtalanmasının pozulması daxildir.
İlan sancması baş verdikdə peşəkar tibbi yardım gələnədək göstərilən ilkin yardım həyati əhəmiyyət daşıyır. Panikaya düşməmək və təmkinli davranmaq vacibdir, çünki əksər hallarda ilan sancması ölümcül olmur. Mümkünsə, ilanı təhlükəsiz məsafədən şəklini çəkmək tövsiyə olunur. Bu, onun növünü təyin edərək müalicəni düzgün yönləndirmək üçün vacibdir.
Zərərçəkmiş hərəkətsiz saxlanmalı və mümkün qədər rahat vəziyyətdə uzadılmalıdır. Əgər sancma ətraf nahiyəsindədirsə (əl, ayaq və s.), bu hissə neytral vəziyyətdə saxlanılmalı və ürək səviyyəsindən bir qədər aşağıda yerləşdirilməlidir. Şəxsin su və ya çay kimi maye qəbul etməsinə şərait yaradılmalı, sancma nahiyəsindəki üzük, saat və qolbaq kimi əşyalar çıxarılmalıdır. Sancma yeri sabun və su ilə yuyulmalı, təmiz bir sarğı ilə sarınmalıdır. Həmçinin şişkinliyin yayılma sərhədi dəridə qeyd olunmalı və vaxtı yazılmalıdır”.

Bununla yanaşı, həkim bildirib ki, bəzi müdaxilələr qətiyyən tövsiyə edilmir. Yardımı gecikdirmək və ya simptomların ortaya çıxmasını gözləmək təhlükəlidir:
 “Zərərçəkmişin özü avtomobil idarə etməməlidir, çünki başgicəllənmə və huşunu itirmə riski var. İlanı tutmaq, öldürmək və ya ona toxunmaq məsləhət deyil – ölü ilan belə refleksiv şəkildə zərər verə bilər. Turniket tətbiq etmək, sancma yerini kəsmək, yandırmaq və ya ağızla zəhəri sovurmaq həm faydasızdır, həm də əlavə təhlükələr yarada bilər. Ağrını azaltmaq məqsədilə alkoqol qəbulu və ya sübut olunmamış xalq təbabəti üsulları da qətiyyən tövsiyə olunmur. Zərərçəkmiş tibb müəssisəsinə çatdırıldıqda, ilk olaraq həyat əlamətlərinə nəzarət edilir. Damar daxili maye ilə rehidratasiya, ağrıkəsicilərin verilməsi və ən əsası – zərdab (antivenom) tətbiqi əsas müalicə tədbirlərindəndir. Zərdab ilan zəhərinə qarşı spesifik təsir göstərən və onun neytrallaşmasını təmin edən ən təsirli vasitədir. Eyni zamanda, qan laxtalanmasını tənzimləyən preparatlar və infeksiyaların qarşısını almaq üçün antibiotiklər də təyin olunur. Lokal müalicə tədbirlərinə zədələnmiş ətrafın yuxarıda saxlanılması və yaranın aseptik qayğısı daxildir. Ağır hallarda – məsələn, sancma nahiyəsindəki təzyiqin artması nəticəsində kompartment sindromu yaranarsa – təcili cərrahi müdaxilə tələb oluna bilər. Gecikmiş dövrdə toxuma ölümü (nekroz) baş verərsə, həmin toxumalar çıxarılır və yaranın plastik cərrahiyyə ilə bərpası həyata keçirilir. Ümumilikdə, ilan sancması zamanı əsas olan vaxtında və düzgün müdaxilədir. Təhlükə anında sakit qalmaq, ilkin yardımı düzgün göstərmək və peşəkar tibbi yardım almaqla bu hadisənin ağır nəticələrinin qarşısını almaq mümkündür”.
Seçilən
29
sherg.az

1Mənbələr