Gəncə Şəhər Mənzil-Kommunal İstehslat Birliyi ötən gün keçirdiyi tenderin nəticəsini açıqlayıb.
Belə ki, Gəncə MKTİB “T.T.Ş.-İNŞAAT” MMC ilə 712 min 425 manat dəyərində satınalma müqaviləsi imzalayıb.
Açıq mənbələrdə qeyd edilir ki, sözügedən şirkət çalov ilə məişət tullantılarının bastırılması üçün 6 metr dərinlikdə quyunun qazılması və məişət tullantılarını quyuya doldurulması prosesini, ardından isə qazılmış torpağ ilə quyunun doldurulması və hamarlanmasını reallaşdıracaq.
Qısa araşdırma zamanı məlum olub ki, “T.T.Ş.-İNŞAAT” MMC ölkədə tikinti-quraşdırma və yenidənqurma üzrə ixtisaslaşıb. Yəni, tikinti şirkəti olaraq fəaliyyət göstərir. Şirkətin rəsmi saytında qeyd edilir ki, “T.T.Ş-İNŞAAT” təkcə Azərbaycanda deyil, Gürcüstan, Qazaxıstan və Özbəkistanda da müxtəlif infrastruktur layihələrində iştirak edir.
Bundan başqa, “T.T.Ş.-İnşaat” MMC 2008-ci ildən etibarən Azərbaycanın müxtəlif regionlarında su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması, bərpası, eləcə də sutəmizləyici qurğuların inşası layihələrini uğurla həyata keçirib.
Şirkətin rəhbəri Qorxmaz Paşayev 1992-ci ildən «Alıbəyli» kooperativinin, 1997-ci ildən «Alıbəyli» KM-nin, 2004-cü ildən isə “Alıbəyli Şirkəti” MMC və «T.T.Ş.- İnşaat» MMC-nin təsisçisi və prezidentidir. O, 10 aprel 2012-ci ildə “Tərəqqi” medalı, 9 aprel 2015-ci il isə “Əməkdar mühəndis” fəxri adını alıb.
Tribunainfo.az-ın açıq mənbələr üzərindən apardığı araşdırma zamanı o da məlum olub ki, 2024-2025-ci illərdə sözügedən şirkət daha iki tenderin qalibi olub. Toplam 20 milyon manatdan bir qədər artıq olan iki tenderdən biri “MİDA” MMC-yə məxsus olub. Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsi, Mədən 1, korpus 5 ünvanında yerləşən 9,0 ha torpaq sahəsində inşa olunan yaşayış kompleksində sahəxarici və sahədaxili su-kanalizasiya şəbəkəsinin və drenaj sisteminin tikintisi işlərinin həyata keçirilməsinə görə «T.T.Ş.- İnşaat» 8 milyon 448 min 852 manat ödəniş alıb.
İkinci tender isə Qarabağ İqtisadi Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin reallaşdırdığı layihə ilə bağlıdır. Belə ki, Ağdam şəhəri 2 nömrəli yaşayış massivi, 3- cü məhəllə üzrə 92 mənzildən ibarət (2,3,4,5 otaqlı ) 4 ədəd yaşayış binalarının (3,4,5,6,7 mərtəbəli) tikintisi işlərini “T.T.Ş.-İNŞAAT” həyata keçirib. Bunun üçün isə 12 milyon 603 min 740 manat ödəniş alıb.