“Azərbaycan Dəmir Yollarının (ADY) yüksək qiymətləri yenidən gündəmdədir. ADY bəzən reallığa uyğun olmayan açıqlamar verməklə qatarlarda doluluq səviyyəsinin yüksək olduğunu bildirir. Bahalı yerlərin oliqarxlara aid olduğunu bildirir, bu tip bilet qiymətlərini qabartmamağımızı istəyir. İndi baxıram ki, nə doluluq ADY deyən kimidir, nə də biznes yerlərin satışı”.
Pravda.az xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.
Ekspert bildirib ki, ötən gecə Bakı-Balakən qatarının getməyinə təxminən 1 saat qalmış qatarın doluluq səviyyəsinə nəzər salıb: “Biznes-klass tam boş gedəcək. Gedişhaqqı 80 manat olan biletlərin əksəri alınmayıb. Təsəvvür edin, belə bir isti havada sərnişinlər biletlərin baha olması səbəbindən kondisionerli kupelərdə getməkdən imtina etməli olurlar. Görünür, biznesmenlər də başqa alternativlərə üstünlük verirlər. Kupe(Standart+) biletlərinin (30 manat) də üçdən biri satılmayıb. Ən çox tələbat olan, son zamanlar daha ciddi narazılıq olan plaskart (Standart) biletlərin də (20 manat) 25% i satılmayıb. Beləliklə, yola düşəcək Bakı-Balakən qatarının yola düşməsinə 1 saat qalmış doluluğu 65% olub. Ümid edirəm ADY 450 km yol gedəcək Bakı-Balakən qatarının az qala yarı dolu vəziyyətdə getməyinin fərqindədir. Doluluğun az olmasının yeganə səbəbi də qiymətlərin baha olmasıdır”.