Naxçıvan şəhərində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin yekun təqdimat keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, mərasimi Qərbi Azərbaycan İcmasının (QAİ) Naxçıvan Muxtar Respublikası (MR) üzrə nümayəndəliyi təşkil edib.
Tədbirdə Naxçıvan Dövlət Universitetinin (NDU) rektoru, QAİ-nin Naxçıvan MR üzrə nümayəndəsi Elbrus İsayev, muxtar respublika ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov, Naxçıvan MR-in İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva və başqaları çıxış ediblər.
Bildirilib ki, Qərbi Azərbaycan irsinin yaşadılması tarixi zərurətdir. Qeyd olunub ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında real faktlara söykənərək Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir. Ona görə də belə tədqiqat əsərləri beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmalıdır.
Sonda “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib.