AZ

“Naxçıvanda Qərbi Azərbaycan irsi” kitabının təqdimatı

Naxçıvan şəhərində Qərbi Azərbaycan İcmasının muxtar respublika nümayəndəliyinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi” kitabının I cildinin yekun təqdimatı olub.

Mərasimi giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının yerli nümayəndəsi Elbrus İsayev nəşrin tarixi yaddaşın qorunmasında və akademik araşdırmalara əsaslı töhfə verməsindəki əvəzsiz rolundan söz açıb. O bildirib ki, tarixən monoetnik dövlət yaratmağa cəhd edən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım və deportasiya siyasəti nəticəsində əzəli Azərbaycan torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların mövcud irsi mərhələli şəkildə məhv edilib. 2022-ci il dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya hazırlanıb və uğurla gerçəkləşdirilir.

Rektor qeyd edib ki, “Qərbi Azərbaycan İrsi” kitabının nəşri də bu konsepsiyanın tərkib hissəsi olmaqla tariximizi faktlarla, sənədlərlə, mədəniyyət nümunələri ilə sübut edən fundamental tədqiqat əsəridir. 5 hesabatdan ibarət olması nəzərdə tutulan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, hazırda isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Kitabın 3 dildə nəşri isə onun beynəlxalq əhəmiyyətini daha da artırır.

Elbrus İsayev sonda vurğulayıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində zəfər çalan, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Qərbi azərbaycanlılar da sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz tarixi Vətənlərinə qayıdacaqlar.

Naxçıvan MR Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov nəşrin mahiyyəti və məqsədindən bəhs edib. Muxtar Respublikanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva qeyd edib ki, təqdimatı keçirilən kitab Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini, insan hüquqları prinsiplərinin, beynəlxalq hüquq normalarının və konvensiyaların ciddi və sistematik pozulmasını bir daha faktlarla sübut edir. Muxtar Respublika Prokurorluğunun şöbə rəisi, baş ədliyyə müşaviri Faiq Səfərov isə bildirib ki, Qərbi Azərbaycan irsinin yaşadılması və erməni cəlladlarının törətdiyi maddi və mənəvi ziyanın ödənilməsi tarixi zərurətdir.

Təqdimatda vurğulanıb ki, bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında real faktlara söykənərək Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir və belə tədqiqat əsələri beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmalıdır.

Sonda “Qərbi Azərbaycan İrsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.

Xatırladaq ki, bundan öncə Naxçıvan şəhərində, Ordubad, Kəngərli, Babək, Sədərək, Şərur, Şahbuz və Culfa rayonlarında kitabın geniş təqdimatları keçirilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin Naxçıvan müxbiri

Seçilən
76
5
xalqqazeti.az

10Mənbələr