Naxçıvan, 29 iyul, AZƏRTAC
Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəliyinin təşkilatçılığı ilə Naxçıvan şəhərində “Qərbi Azərbaycan irsi” kitabının I cildinin yekun təqdimat mərasimi keçirilib.
Naxçıvan Dövlət Universitetinin (NDU) Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi yad edilib, Dövlət Himni səsləndirilib.
Tədbirdə NDU-nun rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə nümayəndəsi Elbrus İsayev nəşrin tarixi yaddaşın qorunmasında və akademik araşdırmalara əsaslı töhfə verməsindəki əvəzsiz rolundan söz açıb. Rektor bildirib ki, tarixən monoetnik dövlət yaratmağa cəhd edən ermənilərin xalqımıza qarşı törətdiyi soyqırımı və deportasiya siyasəti nəticəsində əzəli Azərbaycan torpaqlarından zorla qovulmuş Qərbi azərbaycanlıların mövcud irsinin mərhələli şəkildə məhv edilməsi artıq iflasa uğrayıb. 2022-ci il dekabr ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşü zamanı müəyyənləşdirdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə Qərbi Azərbaycana qayıdışla bağlı konsepsiya qəbul olunub, bu istiqamətdə konkret tədbirlərin icrasına başlanılıb.
Bildirilib ki, “Qərbi Azərbaycan irsi” kitabının nəşri də bu konsepsiyanın tərkib hissəsi olmaqla tariximizi faktlarla, sənədlərlə, mədəniyyət nümunələri ilə sübut edən fundamental tədqiqat əsəri kimi böyük əhəmiyyətə malikdir. Beş hesabatdan ibarət olması nəzərdə tutulan kitabın I cildində 1991-ci ilə qədər Qərbi Azərbaycan ərazisində mövcud olmuş, hazırda isə yalnız xarabalıqları qalmış 700-dən çox azərbaycanlı qəbiristanlığının 201-nin əvvəlki və indiki vəziyyətindən bəhs edilir. Kitabda, həmçinin hərbi-topoqrafik xəritələrdən, peyk təsvirlərindən istifadə edilib və müasir metodoloji təhlillərlə ərazidə mövcud olan qəbiristanlıqların monitorinqi aparılıb. Ən ciddi milli ideoloji istiqamətlərdən biri olan Qərbi Azərbaycan irsininin tədqiqat toplusu olan kitabın üç dildə nəşri isə onun beynəlxalq əhəmiyyətini daha da artırır.
Elbrus İsayev qeyd edib ki, 2023-2024-cü illərdə Naxçıvanda universitetin əsas təşkilatçılardan biri kimi iştirakı ilə “Qərbi Azərbaycana qayıdış” festival-konqresi keçirilib. Ali təhsil ocağının təşkilatçılığı ilə Qərbi Azərbaycana məxsus folklor nümunələri, kulinariya, musiqi və yallı nömrələri, sərgilər, ədəbi-bədii kompozisiyalar təqdim olunub. Festival-konqres çərçivəsində kitab təqdimatları olub ki, bu gün də ali təhsil ocağında mütəmadi keçirilən kitab təqdimatlarında “Qərbi Azərbaycana qayıdış” konsepsiyası diqqətdə saxlanılır. Eləcə də Naxçıvan Dövlət Universitetində Qərbi Azərbaycan məzmunlu seçmə fənlər tədris olunur ki, “Qərbi Azərbaycan İrsi” kitabı həmin fənlərin tədrisində ciddi baza rolu oynayacaq. Vaxtaşırı olaraq NDU-da Qərbi Azərbaycan əsilli ziyalılarla tələbələrin görüşləri təşkil edilir, müxtəlif sənədli filmlər təqdim olunur. Həmçinin universitetdə Qərbi Azərbaycanlı Gənlərin Birinci Forumu təsis edilib, icmanın sədri və tanınmış ziyalılarla gənclərin görüşü təşkil edilir.
Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Zəfər çalan, ərazi bütövlüyü və suverenliyi tam təmin edilən Azərbaycan xalqı birmənalı şəkildə inanır ki, Qərbi azərbaycanlılar da sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz tarixi Vətənlərinə qayıdacaqlar.
Naxçıvan Muxtar Respublikası Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərov nəşrin mahiyyəti və məqsədindən bəhs edib. Qeyd olunub ki, Azərbaycan reallıqlarının gələcək nəsillərə ötürülməsində mühüm mənbə olan nəşr təkcə tariximizi işıqlandırmaqla kifayətlənmir, eləcə də beynəlxalq hüquqi məsuliyyətin əsaslarını ortaya qoyur. Nazir müavini əlavə edib ki, erməni separatçıları azərbaycanlılara qarşı törətdikləri vandalizm siyasətinin cavabını verəcəklər.
Muxtar Respublikanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Günay Rzayeva qeyd edib ki, təqdimatı keçirilən kitab Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini, insan hüquqları prinsiplərinin, beynəlxalq hüquq normalarının və konvensiyaların ciddi və sistematik pozulmasını bir daha faktlarla sübut edir. Bildirilib ki, geri qayıtmaq hüququnun təmin edilməsi ədaləti bərpa etmək, sülh və barışıq əldə etmək üçün beynəlxalq səylərin mərkəzində olmalıdır.
Günay Rzayeva bundan sonra da tarixi həqiqətlərin üzə çıxarılması və beynəlxalq ictimaiyyətə çatdırılması üçün birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Naxçıvan Muxtar Respublika Prokurorluğunun şöbə rəisi baş ədliyyə müşaviri Faiq Səfərov qeyd edib ki, Qərbi Azərbaycan irsinin yaşadılması və erməni cəlladlarının törətdiyi maddi və mənəvi ziyanın ödənilməsi tarixi zərurətdir. Bu nəşrlər təkcə tarixi ədalətin bərpasına deyil, həm də gələcək nəsillərin yaddaşında real faktlara söykənərək Qərbi Azərbaycanın zəngin irsini yaşatmağa xidmət edir və belə tədqiqat əsələri beynəlxalq ictimaiyyətə geniş şəkildə təqdim olunmalıdır. O, əlavə edib ki, Qərbi Azərbaycana qayıdış və tarixi Azərbaycan torpaqlarında mədəni irsimizin bərpa edilməsi mütləq reallaşacaq.
Sonra “Qərbi Azərbaycan irsi” silsilə nəşri ilə bağlı hazırlanmış videoçarx nümayiş olunub.
Qeyd edək ki, bundan öncə “Qərbi Azərbaycan irsi” kitabının birinci cildinin ilkin təqdimatı Naxçıvan şəhərində, daha sonra Ordubad, Kəngərli, Babək, Sədərək, Şərur, Şahbuz və Culfa olub. Rayonlarda keçirilən təqdimat mərasimlərində Qərbi Azərbaycan əsilli vətəndaşların iştirakı təmin olunub.