Laçın rayonunda ətraf mühitin mühafizəsi, ictimai asayişin qorunması və əhalinin ekoloji maarifləndirilməsi məqsədilə profilaktik tədbir keçirilib.
"Cebheinfo.az" xəbər verir ki, “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin təşəbbüsü ilə təşkil olunan tədbirə Daxili İşlər Nazirliyinin Laçın rayon polis şöbəsi, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarət Xidməti, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) və “Təmiz Şəhər” ASC cəlb olunub.
Tədbir çərçivəsində Laçın şəhərinin ictimai əhəmiyyətli ərazilərində, xüsusilə Həkəri Bulvarı ətrafında monitorinq aparılıb. Monitorinq zamanı sakinlərə, turistlərə və şəhərə təşrif buyuran digər qonaqlara ərazinin təmiz saxlanılmasının vacibliyi barədə məlumat verilib. Ətraf mühitin çirkləndirilməsi hallarının qarşısının alınması məqsədilə tullantıların xüsusi ayrılmış zibil qablarına atılmasının əhəmiyyəti bir daha vurğulanıb.
Tədbir zamanı həmçinin şəhər ərazisində fəaliyyət göstərən ictimai iaşə obyektlərinin, xüsusilə restoranların sahibləri ilə maarifləndirici söhbətlər aparılıb, tullantıların düzgün idarə olunması və ətraf mühitə məsuliyyətli münasibətlə bağlı müvafiq tövsiyələr verilib.
Tədbirin əsas məqsədi Laçın şəhərində və ətraf ərazilərdə ekoloji tarazlığın qorunması, təbiətə məsuliyyətli yanaşmanın təbliği və ictimai nəzarətin gücləndirilməsidir. Bu kimi tədbirlərin mütəmadi olaraq keçirilməsi nəzərdə tutulur.
"Cebheinfo.az"