İxtisas seçimi gəncin gələcək həyat yolunu müəyyən edən ən vacib qərarlardan biridir. Bu seçim təkcə hansı sahədə təhsil alacağını deyil, həm də gələcəkdə hansı peşədə çalışacağını, həyat tərzini və cəmiyyətə töhfəsini formalaşdırır.
Doğru ixtisas seçimi şəxsin maraqlarına, bacarıqlarına, əmək bazarının tələblərinə və uzunmüddətli hədəflərinə uyğun olmalıdır. Bu mərhələdə həm fərdi dəyərlər, həm ailə və sosial mühitin təsiri, həm də peşəkar məsləhətlər nəzərə alınmalıdır.
Təhsil eksperti Kamran Əsədov Operativ Media-ya bildirib ki, ixtisas seçimini süni intellektə tam şəkildə həvalə etmək düzgün və məqsədəuyğun deyil. Ekspert bu yanaşmanın bir sıra risklər daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, süni intellekt bu prosesdə faydalı alət ola bilər – şagirdin maraqlarını, qabiliyyətlərini, meyllərini analiz edib uyğun ixtisaslar təklif edə bilər. Lakin qərarvermə mərhələsində insanın şəxsi dəyərləri, emosional yönləri, sosial mühit və uzunmüddətli məqsədləri nəzərə alınmadan təkcə SI-nin tövsiyəsi ilə hərəkət etmək düzgün deyil.
Onu da qeyd edib ki, süni intellekt modelləri təqdim olunan məlumatlara əsaslanır və əgər bu məlumatlar natamam və ya yanlış yönlüdürsə, nəticə də qeyri-dəqiq ola bilər. Bu halda gənc gələcək həyatını alqoritmlərin verdiyi nəticəyə əsasən formalaşdırmış olur.
Ekspert vurğulayıb ki, ixtisas seçimi yalnız bu gün üçün deyil, gələcək illər üçün də əhəmiyyətli olan, həm psixoloji, həm də mənəvi məsələdir. Süni intellekt seçimləri daraltmaq, trendləri göstərmək üçün istifadə oluna bilər, lakin son qərar mütləq insan düşüncəsinə və peşəkar məsləhətə əsaslanmalıdır.