İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam edir. Azərbaycan "Böyük Qayıdış" Proqramını uğurla icra etməklə ən yeni tariximizin parlaq səhifəsini yazır. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə mütəmadi olaraq köç-qayıdış mərhələləri həyata keçirilir. Demək olar ki, hər gün yeni, növbəti köç mərhələləri barədə xəbərlərə rast gəlirik.
İyulun 25-də Ağdam rayonunun Xıdırlı kəndinə və Cəbrayıl şəhərinə növbəti köç karvanı yola salınıb. Üç gün sonra (iyulun 28-də) Xocalı rayonunun Ballıca kəndinə növbəti köç karvanı baş tutub. Bu gün (iyulun 29-da) isə yenidən Ağdam rayonunun Xıdırlı kəndinə növbəti köç karvanı yola salınıb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkün soydaşlarımızdır.
Keçmiş məcburi köçkünlərə doğma ata-baba yurdlarında mənzillərin açarları təqdim edilir, onlar yeni evlərində yerləşdirilirlər. Dövlət tərəfindən inşa edilmiş həmin yaşayış komplekslərində və fərdi yaşayış evlərində hər cür müasir infrastruktur yaradılıb. Azad edilən şəhər və kəndlərdə, həmçinin çoxfunksiyalı inzibati binalar, klub-icma mərkəzləri, ticarət mərkəzləri və bazar kompleksi, tibb məntəqələri, təcili tibbi yardım bölmələri, təhsil və səhiyyə işçilərinin müvəqqəti yaşayışı üçün qonaq evləri, məişət xidməti obyektləri, emalatxanalar, tam orta məktəb binaları və körpələr evi-uşaq bağçalarının inşası həyata keçirilir. Əmək məşğulluğu üçün müvafiq şərait yaradılır.
Bütün bu işlərin hamısı məhz Prezident İlham Əliyevin rəhbərliyi ilə qalib dövlətimiz tərəfindən həyata keçirilir. Azərbaycan dövləti beynəlxalq qurumlardan, maliyyə donorlarından heç bir dəstək almadan bu işləri görür. Erməni vandalizminin viran qoyduğu yurd yerlərimiz dövlətimizin qüdrəti sayəsində sürətlə bərpa olunur, yenidən qurulur. Doğma yurdlarına qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edirlər.
Xalqımız qədirbilən xalqdır. Doğma yurdlarına dönən soydaşlarımız torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə, qazilərimizə də hər zaman minnətdarlıqlarını bildirir, eyni zamanda, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası yolunda canlarından keçən şəhidlərimizə rəhmət diləyirlər. Onların qəhrəmanlığı Böyük Qayıdışımız üçün yol açıb. Şuşa, Laçın, Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Xocalı və Xankəndiyə dönməyə başlayan keçmiş məcburi köçkünlər üçün uzun illərin həsrəti, çəkilən əziyyətlər artıq arxada qalmaqdadır. Onlar indi öz ata-baba yurdlarına qovuşmanın, doğma ocağa geri dönməyin sevincini yaşayırlar. 30 ildən çox davam edən ağrı-acılı həsrətin yerini bu gün qayıdış sevinci əvəz edir. Doğma torpağa yenidən qovuşmaq həqiqətən də əvəzsiz, çox böyük bir xoşbəxtlikdir. Allah bu xoşbəxtliyi bütün keçmiş köçkünlərimizə nəsib eləsin. Qarabağ və Şərqi Zəngəzurun ardınca, inşAllah Qərbi Azərbaycana qayıdışın da sevincini yaşayacağıq.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri