AZ

DİQQƏT: Günvurma ölümlə nəticələnə bilər!

"Havanın temperaturunun 35–40°C-ni keçdiyi yay aylarında günvurma halları xüsusilə yaşlılarda, uşaqlarda və açıq havada çalışan insanlarda daha çox müşahidə olunur. Günvurma – orqanizmin istilik tənzimlənməsi mexanizmlərinin pozulması ilə nəticələnən, həyati təhlükə yaradan bir vəziyyətdir. Bu zaman bədən temperaturu sürətlə yüksəlir, su-duz balansı pozulur, mərkəzi sinir sistemi zədələnə bilər".

Bu sözləri News24.az-a açıqlamasında həkim-terapevt Günay Musayeva deyib. 

Onun sözlərinə görə, günvurma təkcə günəş altında uzun müddət qalmaqla deyil, həm də qapalı, havasız və rütubətli mühitdə, məsələn, avtomobildə və ya qalın fəhlə geyimində çalışan insanlarda da baş verə bilər:

"Yüksək temperatur və rütubət bədənin özünü soyutma qabiliyyətini azaldır. Əgər bu şəraitdə kifayət qədər su qəbul edilmir, istirahət olunmur və bədən soyudulmursa, vəziyyət ağırlaşa bilər.

Günvurma bəzən sakit başlanır. Əvvəlcə zəiflik, baş ağrısı, ürəkbulanma müşahidə edilir. Daha sonra halsızlıq, hərəkət koordinasiyasının pozulması, qusma, yüksək hərarət (bəzən 40°C-dən yuxarı) və şüur itkisi baş verə bilər. Müdaxilə gecikərsə, çoxorqan çatışmazlığı və ölüm riski yaranır".

Terapevt günvurmadan qorunmaq üçün ilk növbədə profilaktik tədbirlərə əməl olunmalı olduğunu xüsusi qeyd edib:

"Əsas məqam birbaşa günəş şüalarından qorunmaqdır. Xüsusilə günorta saatlarında (11:00–17:00) açıq havada fiziki işlərdən və uzun müddət günəş altında qalmaqdan çəkinmək vacibdir. Açıq rəngli, yüngül, “nəfəs alan” geyimlər geyinilməli, baş örtülməlidir (şapka, panama və ya örtük). Gün ərzində müntəzəm olaraq su içilməli, susuzluq hissi gözlənilmədən maye qəbul edilməlidir. Xüsusilə ürək-damar və böyrək xəstəlikləri olan insanlar su-duz balansına nəzarəti həkim məsləhəti ilə həyata keçirməlidir".

Günvurma halı baş verdikdə, dərhal ilkin yardım göstərilməlidir- deyə həkim qeyd edib. O bildirib ki, zərərçəkən kölgəyə və ya sərin, havalandırılan yerə aparılmalıdır:

"Üst geyimlər çıxarılmalı, bədən sərin su ilə silinməli və ya kompreslər qoyulmalıdır. Əgər varsa, ventilyator və ya kondisionerdən istifadə edilməlidir. Şüur aydındırsa, az-az olmaqla sərin su içirilməlidir. Əgər şüur pozulubsa, qusma və ya çox yüksək hərarət varsa, dərhal təcili tibbi yardım çağırılmalıdır.

Unutmaq olmaz: günvurma təkcə isti havanın deyil, laqeydliyin nəticəsidir. Hər kəs bu riski tanımalı və həm özünü, həm də ətrafındakıları qorumalıdır. Xüsusilə yaşlılar, körpələr və xroniki xəstəlikləri olanlar bu baxımdan daha həssas qrup sayılır və onların sərin və havalı şəraitdə saxlanması təmin edilməlidir".

Xeyrənsə Piriyeva

Seçilən
13
1
news24.az

2Mənbələr