Amerikalı alimlər tərəfindən aparılan genişmiqyaslı araşdırmanın nəticələri doğum ayı ilə uşaqların zehni inkişafı arasında maraqlı bir əlaqəni ortaya çıxarıb.
Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.
Məlumata görə, 1 milyon şagirdin məlumatlarının təhlili nəticəsində məlum olub ki, sentyabr ayında doğulan uşaqlar akademik sahədə digərlərindən daha uğurludur.
Tədqiqatın nəticələrinə əsasən, sentyabrda doğulan uşaqlar həm orta məktəb, həm də universitet səviyyəsində ən yüksək qiymətləri toplayırlar. Bu uşaqların məktəb performansında digər aylarda doğulanlara nisbətən daha üstün olduqları müşahidə olunub.
Əgər sentyabr ayı zehni bacarıqlarda önə çıxırsa, avqustda doğulan uşaqlar isə əsasən idman sahəsində fərqlənirlər. Araşdırmada qeyd olunur ki, futbol və basketbol kimi komandaya əsaslanan idman növlərində ulduz idmançıların əksəriyyəti məhz avqust ayında dünyaya gəlib.
ABŞ-nin Milli İqtisadi Araşdırma Bürosunun açıqlamasında bildirilir ki, ABŞ-də uşaqlar 6 yaşında məktəbə başladığı üçün sentyabr–dekabr aylarında doğulan uşaqlar sinif yoldaşlarına nisbətən daha böyük yaşda olur. Bu yaş fərqi isə onların məktəbdə daha tez inkişaf etməsinə və yüksək nəticələr göstərməsinə səbəb ola bilər.
Tədqiqatçılar bildirirlər ki, doğum ayı təkcə bürc və təqvimlə bağlı deyil, həm də uşağın zəkası, məktəb uğuru və hətta həyat müddəti üzərində də təsir göstərə bilər. Digər araşdırmalarda da payız və qış aylarında doğulan insanların yaz və yay aylarında doğulanlara nisbətən daha uzun ömür sürdüyü qeyd olunub.
Nuriyyə NATİQQIZI