“Rusiya alətlərindən istifadə etdikcə daha da bataqlığa düşür”.
Politoloq Əli Mustafa Rusiyanın regiondakı mövqeyi və təbliğat siyasətinə dair News365.az-a verdiyi açıqlamada bildirib ki, Kremlin əlindəki alətlər tükənməyib, lakin bu alətlərdən istifadə olunduqca Rusiya özü üçün mənfi nəticələr yaradır.
“Rusiya hər dəfə bu vasitələri işə saldıqca, əslində, özünü daha da bataqlığa sürükləyir. Artıq bu siyasət onun əleyhinə işləyir. Bunu açıq şəkildə etiraf edə bilməzlər. Məsələn, Rusiya ‘Ukrayna qaz verib’ deyə bilməz, çünki bu, onun ziddinə olan bir məsələdir,” – deyə Əli Mustafa vurğulayıb.
Politoloq, eyni zamanda, rusiyalı siyasətçi Konstantin Zatulinin son açıqlamalarına da toxunub. Onun sözlərinə görə, Zatulin kimi fiqurlar Kremlin təbliğatçısı olmaqdan başqa bir funksiyaya malik deyil:
“Zatulini ciddiyə alan yoxdur. Onlar təbliğatın növbətçi simalarıdır, hansı ki, verilən mesajları ötürmək üçün istifadə olunurlar. Bu cür şəxslər həm Rusiya daxilində, həm də beynəlxalq aləmdə ciddi qəbul edilmir.”
Əli Mustafa qeyd edib ki, Rusiya bu cür təzyiqlərlə əslində öz yaxın müttəfiqlərini itirir:
“Bu təhdid və təzyiqlər nə Azərbaycanla, nə Ermənistanla, nə də Türkistan bölgəsi ilə münasibətlərə müsbət təsir edir. Rusiya getdikcə həm qonşularını, həm də potensial tərəfdaşlarını uzaqlaşdırır.”
Politoloqun fikrincə, Moskvanın bu siyasəti uzunmüddətli perspektivdə özünü təcridə və strateji zəifləməyə aparır.