Yay mövsümündə meşə və çöl yanğınları tez-tez baş verən ekoloji hadisələrdən biridir. Son günlərdə isə bu hadisə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bəzi ərazilərində qeydə alınıb.
Bəs bu yanğınların səbəbi nədir? Ekologiyanın mühafizəsi, meşələrimizin yanğından mühafizəsi üçün hansı qabaqlayıcı tədbirlər görülməlidir?
Baş verən yanğınlarla bağlı Redaktor.az-a açıqlamasında “Yaşıl Dünya” Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli bildirdi ki, hər yaz-yay mövsümündə ölkə ərazisində meşə yanğınları baş verir:
"Yanğınlar daha çox Qəbələ, Şabran, Şamaxı, Şəki, Zaqatala, Quba, Masallı, Lənkəran bölgələrində baş verir. Son günlər Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində, Xocavənd rayonun Yenikənd, Şuşa rayonunun Böyük Qaladərəsi, Xocalı rayonunun Aşağı Yemişcan, Ağdərə rayonunun Talış və Goranboy rayonunun Tapqaraqoyunlu kəndləri istiqamətində meşə yanğınları baş verib. Baş verən bu cür hadisələr cəmiyyətdə narahatlıqla izlənilir. Çünki sözügedən iqtisadi rayonlara böyük həcmdə investisiya qoyulub. “Böyük Qayıdış” layihəsi çərçivəsində nəhəng tikinti-quruculuq işləri aparılır. Baş verən hər hansı yanğın hadisəsi quruculuq layihələrinə mane olur, eyni zamanda ekosistemə zərbə vurur. Onsuz da son 30 ildə erməni vandalları Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazisində ekosid həyata keçirib, meşə zolaqlarını, qiymətli ağacları, əkinə yararlı torpaqların münbit qatını məhv ediblər. Su resurslarımıza qarşı düşmən münasibət göstərilib".
Ekoloq qeyd etdi ki, biz bütün diqqəti Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həm də ekosistemin bərpasına yönəltməliyik.
"Belə bir halda bir sıra məsuliyyətsiz insanların günahı üzündən hektarlarla meşə sahəsi yanaraq məhv olur. Meşə yanğınlarının əsas səbəbi söz yox ki, antropogen amillərdir. Əraziyə piknikə, istirahətə gedən insanların xörək bişirmək, çay qızdırmaq üçün qaladıqları ocaq, siqaret kötüyü, avtomobillərdən çıxan qığılcım, hətta yerə atılan şüşə qırıntıları da böyük miqyasda yanğın törədə bilər. Yanğın təbii fəlakətlərdən, təbiət hadisələrindən də törəyə bilər. Məsələn, ildırım düşməsi yanğına səbəb ola bilər. Meşə yanğınlarının bir səbəbi də sözsüz ki, qlobal iqlim dəyişiklikləridir. Məlumdur ki, qlobal istiləşmə dövründə yanğıntıların normadan az düşməsi müşahidə olunur. Aylarla yağış düşməyən meşə zolaqlarında çoxlu quru ot və budaqlar yaranır. Onlar qızmar günəşli günlərdə tezalışan yanar maddəyə çevrilirlər. Antropogen təsir və ya təbiət hadisəsi zamanı bu quru təbəqə alışır və böyük yanğınlara səbəb olur.
Aidiyyəti qurumların verdiyi məlumata görə, yanğınlar tam nəzarətə götürülüb və bəzi ərazilərdə hətta söndürülüb. Lakin isti yay günlərində yanğın riski qalır. Meşə yanğınlarının qarşısını almaq üçün əraziyə nəzarət gücləndirilməlidir. Xüsusən bölgədə fəaliyyət göstərən iaşə müəssisələrinə, sahibkarlar, istirahətə gedən insanlar maarifləndirilməlidir. Piknik məkanlarına məlumatlandırıcı xarakterli banerlər asılmalı, lövhələr quraşdırılmalıdır. Meşə yolları kənarında qoruyucu zolaq yaradılmalı, meşə ərazisində olan hər hansı tikilinin ətrafı şumlanmalıdır. Meşələr vaxtaşırı quru budaqlardan və otlardan təmizlənməlidir. Xüsusən yay aylarında meşələrə, piknik yerlərinə nəzarəti həyata keçirən könüllülər qrupu yaradılmalıdır. Təbii ki, daha təsirli nəzarət alətləri tətbiq edilməli, cərimələr artırılmalıdır", - deyə Elman Cəfərli vurğuladı.
Ekoloq Qorxmaz İbrahimli isə bildirdi ki, yay mövsümündə meşə və çöl yanğınlarının artması cəmiyyətdə haqlı narahatlıq doğurur:
"Bəzi hallarda bu yanğınların səbəbi qlobal iqlim dəyişiklikləri ilə əlaqələndirilsə də, bunun iqlim dəyişikliyi ilə heç bir əlaqəsi yoxdur, reallıq isə tamamilə fərqlidir. Açıq şəkildə deməliyik ki, baş verən meşə yanğınlarının iqlim dəyişikliyi ilə uzaqdan-yaxından heç bir əlaqəsi yoxdur. Bu yanğınlar əsasən insan faktorundan qaynaqlanır - məsuliyyətsizlik, ehtiyatsızlıq, bəzən isə təxribat və qəsdən törədilmiş yanğınlardır.
Meşə yanğınlarına səbəb olan hallara misal olaraq, piknik zamanı söndürülməmiş ocaq qalığı, yerə atılmış siqaret kötüyü, günəş işığını fokuslayan şüşə parçası, avtomobildən çıxan qığılcım və ya bəzən də təbii olaraq ildırım çaxmasını göstərmək olar".
Müsahibimizin fikrincə, bütün bunlar göstərir ki, yanğınların qarşısını almaq üçün ilk növbədə insanların maarifləndirilməsinə ehtiyac var.
"Ən vacib məsələ isə ekoloji mədəniyyətin formalaşdırılmasıdır. İnsanlar bilməlidirlər ki, onların kiçik ehtiyatsızlığı böyük fəlakətlərə yol aça bilər. Bu mədəniyyət isə erkən yaşlardan aşılanmalıdır. Vacib məqam budur ki, ən birincisi, ibtidai təhsildir. Yəni bağçalardan başlayaraq, ibtidai sinfi qurtarana qədər, altıncı sinfə qədər bu təhsili vermək lazımdır. Onu da artıq Elm və Təhsil Nazirliyi bir qanunla nizamlamalıdır. Onu da eləyən yoxdur.
Eyni zamanda piknik məkanlarında və meşə yaxınlıqlarında təhlükəsizlik tədbirləri gücləndirilməlidir. Yanğınsöndürmə vasitələri, xəbərdaredici lövhələr, məlumatlandırıcı banerlər, eləcə də könüllülərdən ibarət nəzarət qrupları bu tədbirlərin bir hissəsi ola bilər.
Meşələr yalnız ekoloji baxımdan deyil, həm də iqtisadi və sosial baxımdan əvəzsiz sərvətimizdir. Onların qorunması yalnız dövlət orqanlarının deyil, hər bir vətəndaşın və cəmiyyətin ümumi məsuliyyətidir", - deyə ekoloq qeyd etdi.
Xədicə BAXIŞLI
Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "ekologiya və ətraf mühitin mühafizəsi" mövzusunda dərc olunub.
