AZ

Borcu olanların nəzərinə

Gündəlik həyatda insanlar bir-birindən pul və ya müxtəlif əşyalar şəklində borc alıb-verirlər. Bu cür münasibətləri rəsmiləşdirmək üçün borc müqaviləsi bağlanması mümkündür. İqtisadçı-hüquqçünas Əkrəm Həsənov Metbuat.az-a açıqlamasında bildirib ki, borc müqaviləsi istənilən əvəz edilən əşyanın digər şəxsin mülkiyyətinə verilməsi və həmin şəxsin də bu əşyanı eyni miqdarda və keyfiyyətdə geri qaytarmaq öhdəliyini nəzərdə tutan razılaşmadır: “Borcun predmeti yalnız puldan ibarət deyil. Əvəz edilən istənilən əşya borcun predmeti ola bilər. Yəni əgər bir şəxs digərinə müəyyən sorta aid 1 kiloqram düyü borc verirsə, borcu alan şəxs də eyni miqdarda düyünü geri qaytarır. Əlbəttə, borcun predmeti pul da ola bilər. Məsələn, bir şəxs digərinə 5 manat borc verirsə, həmin şəxs də ona 5 manat geri qaytarmalıdır. Lakin borcun predmeti konkret bir fərdi əşya, məsələn, müəyyən markalı və nömrəli avtomobil ola bilməz. Belə bir əşya borc müqaviləsi əsasında deyil, yalnız icarəyə və ya istifadəyə verilir”. Ə.Həsənov borc və kredit müqaviləsinin fərqlərini də izah edib: “Əgər borcu verən şəxs kredit təşkilatıdırsa (məsələn, bank, lombard və s.), bu halda artıq kredit müqaviləsi sayılır. Kredit müqaviləsi borc müqaviləsinin bir növüdür, fərq ondadır ki, burada borcu verən peşəkar şəkildə bu fəaliyyətlə məşğul olur və müqavilə, adətən, faizlə verilir. Amma borc müqaviləsini istənilən iki şəxs bağlaya bilər – qonşu qonşuya, tanış tanışa və s. Hətta bu halda da borc faizlə verilə bilər. Sadəcə fərdi şəxslər bunu daimi və peşəkar şəkildə həyata keçirə bilməzlər, çünki bu zaman sahibkar kimi, kredit təşkilatı və yaxud lombard kimi qeydiyyatdan keçmək tələb olunur”. Ekspert qeyd edib ki, əsas şərt borcu alan şəxsin onu geri qaytarmasıdır: “Əgər müqavilədə faiz və ya əlavə şərtlər nəzərdə tutulubsa, o zaman borc həmin şərtlərlə birlikdə qaytarılmalıdır. Bu, komissiya haqqı və ya digər əvəz formasında ola bilər”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
11
metbuat.az

1Mənbələr