Oğurluq və soyğunçuluğa görə beş dəfə məhkum edilmiş 37 yaşlı Əli Əkbərov (şərti) altıncı cinayətindən bəraət alıb.
Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Əli hazırda digər cinayət işi ilə bağlı həbsdə cəzasını çəkir.
İndi bəhs etdiyimiz cinayət işi isə saxta pul əldə edib satmaq ittihamı ilə bağlı olub. İttihama əsasən, Əli köşklərin birindən üzərində "Etibarsızdır" yazılmış otuz ədəd 100 manatlıq suvenir əskinas alaraq, onlardan birinin üzərindəki yazını pozub və həmin saxta pulu köşkə təqdim edib. O, 4 manatlıq siqaret alıb və 96 manatı qalıq kimi götürüb.
Zərərçəkmiş köşkün sahibi ifadəsində deyib ki, dəymiş 100 manatlıq ziyan ödənilib və hazırda heç bir şikayəti yoxdur.
Müttəhim özü isə ittihamı qəbul etməyib, ümumiyyətlə, həmin köşkə getmədiyini, satıcını isə ilk dəfə istintaq zamanı gördüyünü deyib. Müdafiə tərəfi də onun təqsirsizliyini sübut edən arqumentlər təqdim edib.
Məhkəmə baxışı zamanı ittiham tərəfi müttəhimin təqsirini sübuta yetirə bilməyib. Abşeron Rayon Məhkəməsinin hakimi Xalid Kazımov təqsirləndirilən şəxsə bəraət verib.