AZ

MDU-nun turizm ixtisaslarında təhsil alan tələbələri Türkiyə hotellərində təcrübə qazanacaqlar

Bakı, 29 iyul, AZƏRTAC

Mingəçevir Dövlət Universitetində (MDU) tələbələrin beynəlxalq təcrübə imkanlarının genişləndirilməsi istiqamətində yeni addım atılıb.

MDU-dan AZƏRTAC-a bildirilib ki, universitetin tələbələri “JOB IN GLOBAL” MMC ilə əməkdaşlıq çərçivəsində Türkiyənin aparıcı turizm regionlarında yerləşən 5 ulduzlu hotellərdə həm təcrübə keçmək, həm də əməkhaqqı almaq imkanı əldə edəcəklər.

Təcrübə proqramı tələbələrə yalnız nəzəri biliklərini praktik bacarıqlarla birləşdirmək imkanı deyil, həm də qlobal əmək bazarına inteqrasiya üçün vacib olan xarici dil biliklərinin inkişaf etdirilməsi, ünsiyyət və xidmət sahəsində müasir standartlara uyğun təcrübə toplamaq imkanı yaradır. Proqram vasitəsilə tələbələr rəsmi iş icazəsi və viza dəstəyi, təyyarə bileti (gediş dönüş), hava limanı transferi, pulsuz yaşayış və gündəlik 3 dəfə qidalanma, tibbi sığorta, türk bank hesabı, peşəkar təlim və daimi dəstək, beynəlxalq sertifikatla təmin olunacaqlar və beləliklə onların təcrübəsi rəsmiləşdiriləcək.

Universitet rəhbərliyi bu əməkdaşlığın MDU-nun beynəlmiləlləşmə strategiyasının tərkib hissəsi kimi, tələbələrimizin həm peşəkar, həm də şəxsi inkişafına böyük töhfə verəcəyini hesab edir.

Proqrama qoşulan tələbələr Antalya, Bodrum və İzmirdə 5 ulduzlu hotellərdə təcrübə fəaliyyətinə başlayacaqlar. Onlar hotel idarəçiliyi, qonaq qəbulu, mətbəx xidməti, animasiya və digər sahələr üzrə praktiki biliklər əldə edəcəklər.

Bu əməkdaşlıq gələcəkdə genişləndirilərək Mingəçevir Dövlət Universitetinin daha çox tələbəsini beynəlxalq təcrübəyə çıxarmağa imkan verəcək.

 

Seçilən
3
2
azertag.az

3Mənbələr